Uşağa “tərbiyə” adı ilə zorakılığa cərimə: yeni qanun cəmiyyətdə nəyi dəyişə bilər?

Milli Məclisdə qəbul edilən yeni dəyişikliklərə əsasən, uşağa qarşı fiziki və psixoloji zorakılıq tərbiyə məqsədi ilə həyata keçirildiyi halda belə inzibati məsuliyyət yaradacaq və 200 manat məbləğində cərimə tətbiq olunacaq. Qanun dəyişiklikləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub və valideyn-müəllim münasibətlərinin gələcəyi ilə bağlı suallar doğurur. Xüsusilə “tərbiyə” anlayışının sərhədləri və onun hüquqi çərçivəyə salınması müxtəlif yanaşmalarla qarşılanır. Bəs bu dəyişikliklər uşağın inkişafına və ümumi təhsil mühitinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı təhsil eskperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bu qərar qəbul olunduqdan sonra çox ciddi müzakirələr başlayıb və artıq bu məsələ həm valideynlər, həm də müəllimlər üçün bir növ sınağa çevrilib:

“Artıq bundan sonra istənilən tənbih növü şiddət kimi qəbul olunacaq və valideynlərin müəllimlərə qarşı təhdidlərinin artacağı ehtimal olunur.

Ona görə də xüsusilə müəllimlər arasında belə bir narazılıq var ki, əgər bu cür qərar qəbul olunub qüvvəyə minərsə, müəllimlərin əlində olan tənbih vasitələri də aradan qalxmış olacaq.

Düşünürəm ki, bu məsələ geniş ictimai müzakirəyə çıxarılmalı və həm müəllimlərin, həm də ictimaiyyətin rəyi alınmalı idi. Məncə, bu məsələdə Milli Məclis müəyyən qədər tələskənliyə yol verib.

Əgər belə bir qərar qəbul olunacaqsa, onda müəllim nüfuzunun bundan sonra da müəyyən dərəcədə zərər görəcəyini müşahidə edə bilərik”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə