Şagird davranışlarında aqressiyanın artmasının səbəbləri nədir? - EKSPERT DANIŞDI
"Şagird davranışlarında aqressiyanın artması və məktəblərdə təhlükəsizlik məsələsi bu gün çox aktual mövzulardandır. İlk növbədə qeyd etmək lazımdır ki, hər hansı təhsil müəssisəsində idarəetmə düzgün qurularsa, bu kimi problemlər ya ümumiyyətlə yaranmaz, ya da minimum səviyyədə olar".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

O bildirib ki, məktəb rəhbərliyi nizam-intizam qaydalarına və qanunvericiliyə uyğun fəaliyyət göstərməli, müəllim və şagird münasibətlərini düzgün tənzimləməlidir: "Eyni zamanda həm müəllimlər, həm də şagirdlər öz hüquq və vəzifələrini yaxşı bilməlidirlər. Valideyn-müəllim-şagird üçbucağının sağlam qurulması isə burada əsas şərtlərdən biridir. Bu əlaqə düzgün qurulduqda ciddi problemlərin qarşısını almaq mümkündür.
Şagirdlərdə aqressiyanın yaranmasının əsas səbəblərindən biri isə ailə mühitidir. Uşaq evdə gördüyü davranışları məktəbdə təkrarlayır. Ailədaxili gərginlik, valideynlər arasındakı münasibətlər və ya uşağa yetərli diqqətin ayrılmaması onun psixologiyasına təsir edir və bu da aqressiya kimi üzə çıxa bilər.
Bu baxımdan valideynlərin rolu çox böyükdür. Uşağın tərbiyəsinin əsası ailədə qoyulur. Valideynlər övladlarının davranışına nəzarət etməli, ehtiyac olduqda psixoloji dəstək göstərməli, məsələn, uşağın emosional çətinlikləri varsa, mütəxəssisə müraciət etməlidirlər.
Təəssüf ki, bəzi valideynlər bütün məsuliyyəti məktəbin üzərinə qoyur. Halbuki məktəb təhsil verir, amma tərbiyənin əsası ailədə formalaşır. Valideyn öz vəzifəsini yerinə yetirməli, məktəbdən isə yalnız tədris və ümumi inkişafla bağlı dəstək gözləməlidir.
Şagird aqressiyasının qarşısını almaq üçün həm ailə, həm məktəb, həm də cəmiyyət birgə və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Bu istiqamətdə balans qorunduqda daha sağlam və təhlükəsiz məktəb mühiti formalaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB