“Abituriyentlərin ixtisas seçimi müasir əmək bazarının tələbləri ilə formalaşır” -SOSİOLOQ DANIŞDI
“Müasir dövrdə abituriyentlərin ixtisas seçimi təhsil siyasəti və əmək bazarı kontekstində ən aktual problemlərdən biri kimi çıxış edir”.
Bu sözləri SİA -ya açıqlamasında əməkdar jurnalist , sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə bu məsələnin aktuallığı xeyli artmışdır:
”Belə ki, əvvəlki illərdə gənclər daha çox şəxsi maraq və meyillərinə uyğun ixtisas seçir, təhsil aldıqdan sonra isə nisbətən asan şəkildə məşğulluq imkanları əldə edirdilər.
Lakin hazırkı mərhələdə texnologiyanın sürətli inkişafı və əmək bazarında baş verən dinamik dəyişikliklər ixtisas seçimini daha mürəkkəb və məsuliyyətli qərara çevirmişdir. Bu şəraitdə bir çox abituriyent gələcəkdə işsizlik riski ilə qarşılaşmamaq məqsədilə daha çox texnologiya, iqtisadiyyat və xidmət sahələrinə üstünlük verməyə çalışır.
Bununla belə, qeyd olunan yanaşma hər zaman effektiv hesab edilmir. Çünki yalnız məşğulluq imkanlarını əsas götürərək ixtisas seçimi edən gənclərin şəxsi maraq və qabiliyyətləri ikinci plana keçir. Nəticədə fərd seçdiyi sahədə öz potensialını tam reallaşdıra bilmir və peşəkar fəaliyyətində yüksək nəticələr əldə etməkdə çətinlik yaşayır.
Mövcud problemin həlli yalnız fərdi seçimlərlə məhdudlaşmamalıdır. Bu məsələ daha çox dövlətin həyata keçirdiyi iqtisadi planlaşdırma və məşğulluq siyasəti ilə sıx bağlıdır. Əmək bazarında tələb və təklif balansını təmin edən mexanizmlərin formalaşdırılması, müxtəlif ixtisaslar üzrə kadr hazırlığının düzgün istiqamətləndirilməsi zəruri hesab olunur.
Əks halda, ali təhsil müəssisələrində ixtisaslar üzrə disbalans yaranır: bəzi sahələrdə kadr çoxluğu müşahidə olunduğu halda, digər sahələrdə ciddi kadr çatışmazlığı meydana çıxır. Bu isə həm təhsil sisteminin səmərəliliyinə, həm də ümumi iqtisadi inkişaf tempinə mənfi təsir göstərir.
Bu baxımdan müasir dövrdə əsas prioritet əmək bazarının real tələblərə uyğun şəkildə planlaşdırılmasıdır. Tələb olunan sahələr üzrə əlavə təhsil imkanlarının yaradılması, ixtisasartırma proqramlarının təşkili və ikinci ali təhsil imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, əmək bazarında mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması vacib şərtlərdən biridir. Bu qeyri-müəyyənlik azaldıldıqdan sonra abituriyentlər ixtisas seçimi zamanı yalnız məşğulluq perspektivlərini deyil, həm də şəxsi maraq və bacarıqlarını əsas götürəcəklər.
Düzgün tənzimlənmiş əmək bazarı və effektiv planlaşdırma şəraitində gənclərin həm sevdikləri ixtisası seçməsi, həm də gələcəkdə uğurlu peşəkar fəaliyyət göstərməsi mümkün olacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB