Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanunda dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

SİA xəbər verir ki, layihə parlamentdə müzakirəyə çıxarılaraq səsverməyə təqdim edilib.

Qanun layihəsi Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, eləcə də bu qəbildən olan digər dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin qiymətləndirilməsi ilə bağlı yeni mexanizmin tətbiqini nəzərdə tutur.

Dəyişikliyə əsasən, həmin müəssisələrdə çalışan müəllimlərin nəzəri və praktiki biliklərinin attestasiyadan deyil, xüsusi qaydalar əsasında sertifikasiya yolu ilə qiymətləndirilməsi həyata keçiriləcək.

Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq aparılan attestasiya prosesi əsasən protokollaşdırma ilə məhdudlaşır və peşə uyğunluğu, bacarıqlar, testlər və digər obyektiv qiymətləndirmə alətlərini tam əhatə etmir. Eyni zamanda rəqəmsal qiymətləndirmə sistemləri, performans göstəriciləri və müasir metodologiyalar kifayət qədər tətbiq olunmur.

Qeyd olunub ki, yeni yanaşma qiymətləndirmənin obyektivliyinin artırılmasına və müasir təhsil standartlarına uyğunlaşdırılmasına xidmət edir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə