“Azərbaycan pedaqoji düşüncəsində mövcud qiymətləndirmə modellərinin yenilənməsi zəruridir” -EMİN ƏMRULLAYEV
Müasir imtahan praktikasında bəzən istifadə olunan sualların çaşdırıcı xarakter daşıdığı müşahidə edilir. Bu isə qiymətləndirmə prosesinin yalnız biliklərin yoxlanılması ilə məhdudlaşmadığını, eyni zamanda fərdlərin funksional bacarıqlara malik olub-olmamasının müəyyən edilməsinə yönəldiyini göstərir. Bu yanaşma xüsusi əhəmiyyət kəsb edir və artıq təkcə ayrı-ayrı qurumlar səviyyəsində deyil, ümumilikdə Azərbaycan pedaqoji düşüncəsində mövcud qiymətləndirmə modellərinin yenilənməsini zəruri edir.
SİA xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransında deyib.
Bu istiqamətdə aparılan islahatlara daha geniş spektrdə mütəxəssislərin cəlb olunması mühüm əhəmiyyət daşıyır və müasir imtahan sistemlərində bu cür yanaşmaların tətbiqi genişləndirilməlidir. Xüsusilə koqnitiv bacarıqların, sosial-emosional zəkanın və rasional düşünmə qabiliyyətlərinin ölçülməsi gələcək təhsil siyasətinin prioritet istiqamətləri kimi çıxış edir.
Gələcəkdə uğurlu kadr potensialının formalaşması məhz bu tip bacarıqların və səriştələrin inkişaf səviyyəsindən birbaşa asılı olacaqdır.
Çıxışın sonunda Elm və Təhsil Nazirliyi ilə onun tabeliyində fəaliyyət göstərən qurumlar, eləcə də Dövlət İmtahan Mərkəzi arasında formalaşmış səmərəli əməkdaşlıq xüsusi vurğulanmışdır. Bu əməkdaşlığın Azərbaycan təhsil sisteminin davamlı inkişafına və modernləşdirilməsinə mühüm töhfə verdiyi qeyd olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB