İslamabad şəhərində keçirilən Beynəlxalq Laborator Tibb Simpoziumunda Azərbaycan uğurla təmsil olunub
Mərkəzi Gömrük Hospitalının laboratoriya rəisi Dr. Səbinə İbrahimova 04 aprel 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində keçirilən Beynəlxalq Laborator Tibb Simpoziumunda “Snibe Maglumi X8 və VIDAS 3 platformalarında Anti-HCV anticisimlərinin təyini nəticələrinin müqayisəli analizi” mövzusunda təqdimatla çıxış edib.
Səbinə həkim çıxış zamanı hepatit C virusunun qlobal səhiyyə üçün yaratdığı ciddi risklər, xəstəliyin erkən mərhələdə aşkar olunmasının əhəmiyyəti, müasir laborator diaqnostikanın rolu, effektiv skrininq proqramlarının əsasını yüksək dəqiqlikli və etibarlı laborator testlər təşkil etdiyini vurğulayıb.
Aparılmış tədqiqatın nəticələrinə əsasən, CLIA texnologiyasına əsaslanan Maglumi X8 və ELFA texnologiyalı VIDAS analizatorları arasında yüksək uyğunluq (təxminən 98%) müəyyən edilmişdir. Eyni zamanda, Maglumi X8 sisteminin daha yüksək həssaslıq, VIDAS sisteminin isə daha yüksək spesifiklik göstəricilərinə malik olduğu qeyd olunmuşdur. Uyğunsuz nəticələrin qiymətləndirilməsində HCV RNA PZR metodunun mühüm təsdiqləyici rol oynadığı xüsusi diqqətə çatdırılmışdır.
Dr. Səbinə İbrahimova çıxışı zamanı müasir laboratoriyalarda keyfiyyət idarəetmə sistemlərinin, o cümlədən ISO 15189 standartlarının tətbiqi, daxili və xarici keyfiyyət nəzarəti (IQC və EQA), eləcə də laborator proseslərin avtomatlaşdırılmasının əhəmiyyətini də xüsusi qeyd etmişdir.
Bu çıxış Azərbaycan laborator tibb sahəsində aparılan elmi-tədqiqat işlərinin beynəlxalq platformada təqdim olunması və ölkəmizin laborator diaqnostika sahəsində əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB