"Ali təhsil müəssisələrinin köçürülməsi zəruridir" - EKSPERT DANIŞDI

"Universitetlərin Bakının mərkəzindən kənara köçürülməsi məsələsi dövlət səviyyəsində müəyyən tədbirlər planında da öz əksini tapıb".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, xüsusilə Bakı şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisələrinin şəhərdən kənar ərazilərə köçürülməsi planlaşdırılır. Bu addım, ilk növbədə, paytaxtda nəqliyyat sıxlığının azaldılmasına və infrastrukturun rahatlaşdırılmasına xidmət edəcək: "Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, bir çox inkişaf etmiş ölkələrdə universitetlər şəhər mərkəzində deyil, kampus şəklində şəhər kənarında yerləşir. Məsələn, İstanbul kimi böyük şəhərlərdə də universitetlərin əksəriyyəti geniş kampus ərazilərində fəaliyyət göstərir. Bu kampuslarda tədris binaları ilə yanaşı, laboratoriyalar, klinikalar, idman kompleksləri və tələbə yataqxanaları da yerləşir.

Eyni model Azərbaycanda da tətbiq oluna bilər. Yəni məqsəd universitetləri regionlara, məsələn, Quba və ya Gəncə kimi şəhərlərə köçürmək deyil, sadəcə Bakının kənar ərazilərində – Lökbatan, Suraxanı və ya Qobustan istiqamətlərində yerləşdirməkdir.

Çünki hazırda ölkədə müəyyən nüfuza malik, beynəlxalq reytinqlərdə yer alan universitetlər var. Bu universitetlərin uzaq regionlara köçürülməsi onların prestijinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüksək bal toplayan abituriyentlərin regionlara getmək istəməməsi, müəllim heyətinin həmin ərazilərə uyğunlaşmasında çətinliklər kimi problemlər yarana bilər.

Lakin universitetlər Bakının yaxın ətrafında yerləşərsə, bu problemlər minimuma enər. Həm müəllimlərin, həm də tələbələrin gediş-gəlişi rahat olar, eyni zamanda şəhər mərkəzindəki sıxlıq da azalır.

Ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara, lakin paytaxta yaxın ərazilərə köçürülməsi həm infrastruktur baxımından, həm də təhsilin keyfiyyətinin qorunması baxımından optimal yanaşma hesab olunur. Hesab edirəm ki, universitetlərin Bakı şəhərinin mərkəzindən kənara köçürülməsi şəhər infrastrukturuna müsbət təsir göstərə bilər.

Artıq bunun müəyyən nümunələri mövcuddur. Məsələn, Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Mühəndislik Universiteti şəhərin mərkəzindən kənarda yerləşir və bu model uğurlu hesab olunur.

Lakin hazırda bir sıra böyük ali təhsil müəssisələri – Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – şəhərin mərkəzində yerləşir və bu da nəqliyyat sıxlığına müəyyən təsir göstərir.

Bu baxımdan hesab edirəm ki, ilkin mərhələdə məhz bu universitetlərin şəhər mərkəzindən kənara, lakin paytaxta yaxın ərazilərə köçürülməsi daha məqsədəuyğun olar.

Digər tərəfdən, regionlarda da yeni ali təhsil müəssisələrinin yaradılması olduqca vacibdir. Məsələn, Quba-Xaçmaz iqtisadi rayonunda yeni universitetin açılması real ehtiyacdır. Eyni zamanda, Saatlı, Sabirabad, Şirvan kimi Aran bölgələrində, eləcə də Şamaxı, İsmayıllı və Qəbələ kimi bölgələrdə ali təhsil müəssisələrinin yaradılması müsbət addım olar.

Burada vacib məqam ondan ibarətdir ki, mövcud nüfuzlu universitetlərin regionlara köçürülməsi onların prestijinə mənfi təsir göstərə bilər. Buna görə də bu universitetləri Bakının ətraf ərazilərində yerləşdirmək daha düzgün yanaşmadır.

Həm Bakının mərkəzində sıxlığın azaldılması, həm də regionların inkişafı üçün paralel şəkildə iki istiqamətdə addım atılmalıdır. Paytaxtdakı universitetlərin şəhər kənarına köçürülməsi və regionlarda yeni ali təhsil müəssisələrinin yaradılması bu baxımdan əhəmiyyətli hesab olunur.

Bu yanaşma həm təhsil sisteminin inkişafına, həm də ölkənin balanslı regional inkişafına ciddi töhfə verə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə