"Təhsildə keyfiyyətin artırılması davam edir" - EKSPERT DANIŞDI

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şamaxı şəhərində Avropa liseyinin yeni binasının açılışı həyata keçirildi. Bu tədris müəssisəsi müasir standartlara uyğun şəkildə inşa olunub, ən son maddi-texniki baza ilə təmin edilib və Avropa təhsil modelinə uyğun tədris prosesinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, bu, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan mühüm addımlardan biridir: "Ümumiyyətlə, son illərdə dövlət tərəfindən, xüsusilə regionlarda təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığının şahidi oluruq. Region ali təhsil müəssisələrində aparılan kadr islahatları, Qarabağda yeni ali təhsil müəssisələrinin açılması, o cümlədən tibbi ixtisasların yaradılması və klinikaların qurulması bu siyasətin tərkib hissəsidir.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə yeni orta məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin bərpası və əsaslı təmiri də xüsusi əhəmiyyət daşıyır.

Bu yanaşma onu göstərir ki, təhsilin inkişafı yalnız Bakı şəhəri ilə məhdudlaşmır, regionlara da xüsusi diqqət ayrılır. Bu isə ölkə üzrə balanslı və inklüziv təhsil sisteminin formalaşmasına xidmət edir.

Eyni zamanda, dövlət tərəfindən təhsilin inkişafı bir neçə istiqamətdə həyata keçirilir. Bu sahədə Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda davam etdirilən xaricdə təhsil proqramı xüsusi əhəmiyyət kəsb edir. Bu proqram çərçivəsində yüzlərlə azərbaycanlı gəncin xarici ali təhsil müəssisələrində dövlət hesabına təhsil alması təmin edilir.

Bundan əlavə, beynəlxalq təqaüd proqramları vasitəsilə həm Azərbaycan vətəndaşlarının xaricdə, həm də xarici vətəndaşların Azərbaycanda təhsil alması üçün imkanlar yaradılır.

Hər il ali təhsil müəssisələrində plan yerlərinin artırılması da dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir. Xüsusilə dövlət sifarişi əsasında olan ixtisasların sayının artması nəticəsində bu gün dövlət universitetlərində təhsil alan tələbələrin böyük bir hissəsi — təxminən 70 faizi — ödənişsiz əsaslarla təhsil alır.

Eyni zamanda, orta ümumi təhsil müəssisələrində aparılan əsaslı təmir işləri və yeni məktəb binalarının tikintisi də dövlətin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ümumiyyətlə, regionlarda müasir standartlara uyğun, güclü maddi-texniki baza ilə təchiz olunmuş təhsil müəssisələrinə böyük ehtiyac var. Hesab edilir ki, hər bir regional təhsil idarəsinin tabeliyində belə müasir təhsil ocaqlarının fəaliyyət göstərməsi olduqca vacibdir.

Hazırda bu istiqamətdə ilkin addımlar atılıb və bu ənənənin gələcəkdə də davam etdiriləcəyi gözlənilir. Çünki bir çox regionlarda bu tip müasir təhsil müəssisələrinin yaradılmasına ciddi ehtiyac duyulur.

Müasir standartlara uyğun liseylərin yaradılması təkcə təhsil baxımından deyil, eyni zamanda regionların ümumi inkişafına da mühüm töhfə verir. Belə ki, indiyə qədər bir çox valideynlər övladlarını daha keyfiyyətli təhsil almaq üçün Bakı şəhərinə göndərməyə üstünlük verirdilər. Bu isə paytaxtda sıxlığın artmasına və regionlardan mərkəzə miqrasiyanın güclənməsinə səbəb olurdu.

Lakin artıq Şamaxı kimi regionlarda müasir təhsil müəssisələrinin yaradılması valideynlərə öz övladlarını yaşadıqları ərazidə keyfiyyətli təhsilə cəlb etmək imkanı yaradır. Bu isə həm ailələr üçün daha rahat şərait deməkdir, həm də regionlardan paytaxta axının azalmasına xidmət edir.

Bu cür layihələr regionların sosial-iqtisadi inkişafına, insan kapitalının yerində formalaşmasına və ümumilikdə ölkə üzrə balanslı inkişafın təmin olunmasına mühüm töhfə verir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə