Bəzi müəllimlərin sertifikatlaşdırmadan uzaqlaşdırılması təhsil sisteminə necə təsir edə bilər? - EKSPERT AÇIQLADI

Sertifikasiya imtahanları müəllimlər üçün uzun müddətdir ki, həm peşəkarlığın, həm də stressin ölçüsü kimi qəbul edilir. Deputat Vüqar Bayramov təcrübəli müəllimlərin yalnız iki dəfə sertifikatlaşdırılmasının kifayət edəcəyini təklif edir. Eyni zamanda, incəsənət sahəsində beynəlxalq müsabiqə qaliblərinin sertifikatlaşdırmadan azad olunması da müzakirə mövzusudur. Görəsən, bu təklifin reallaşması təhsil sistemindəki mövcud mənzərəni necə dəyişəcək?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, sertifikasiya artıq gərginlik və stress yaratmır:

“Çünki iştirakçılar başa düşürlər ki, sertifikasiyadan keçmək onların əmək haqqına əlavələrlə nəticələnəcək.

Xatırladım ki, bəzi iştirakçılar hələ də sertifikasiyadan keçməyiblər. Onlar müəyyən hazırlıqlara başlayıblar ki, vaxtında sertifikasiyadan keçsinlər və əmək haqqına nəzərdə tutulan əlavələr tətbiq olunsun. Sertifikasiya imtahanında minimum həddi keçənlər əmək haqqına on faiz əlavə alırlar. Sertifikasiyadan 51 faiz nəticə göstərmiş iştirakçılar isə əmək haqqına 35 faiz əlavələr alırlar. Bu, iştirakçılarda müəyyən motivasiya yaradıb və artıq onlar həvəslə sertifikasiyadan vaxtında keçirlər.

Deputat Vüqar Bayramov təklif edir ki, iki dəfədən artıq sertifikasiyadan yaxşı nəticə göstərən iştirakçılar növbəti dəfə sertifikasiyaya cəlb olunmasınlar. Musiqi sahəsində beynəlxalq müsabiqələrdə laureat olmuş şəxslər də sertifikasiyadan azad olsunlar. Burada kifayət qədər məntiq var.

Əgər iştirakçı dünya arenasında özünü sübut edə bilirsə, onda niyə musiqi sahəsindəki iştirakçı sertifikasiyaya cəlb olunsun? Sertifikasiya iştirakçının biliyi və bacarığının yoxlanılması üçündür. Əgər şəxs artıq özünü sübut edibsə, məntiqlə sertifikasiyadan kənarda qalması düzgün olar.

Qaldı ki, digər ixtisas sahələrində iştirakçıların iki dəfədən sonra azad olması məsələsinə, əlbəttə ki, burada da məntiq var. Çünki sertifikasiya hər beş ildən bir keçirilir. Digər ölkələrdə, məsələn, Qazaxıstan və Ukraynada isə üç ildən bir keçirilir. Bizdə beş ildən bir olduğundan, iki dəfə sertifikasiyadan keçmək iştirakçı üçün sınaqdan keçmiş sayılır. Məncə, bu təklif haqlıdır ki, iki dəfə sertifikasiyadan keçmiş iştirakçılar növbəti dəfə sertifikasiyaya cəlb olunmasınlar.

Həmçinin iki dəfədən artıq sertifikasiyadan keçmiş şəxslər, yəni bir il müddətində verilən möhlətdən yararlana bilməyiblərsə və öz biliyini, bacarığını, kompetensiyasını artırıb heç olmasa minimum həddi keçə bilmirsə, əlbəttə ki, həmin müəllimin artıq uşaqlara dəstək vermək üçün nə hüququ, nə haqqı var. Ona görə düşünürəm ki, bu təşəbbüs yerində qalsa daha yaxşıdır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə