Buraxılış imtahanlarının nəticələri qəbul ballarına necə təsir edə bilər? - EKSPERT AÇIQLADI
Artıq 11-ci sinif şagirdləri buraxılış imtahanlarını verərək qəbul prosesinin ilk mərhələsini geridə qoyublar. Lakin bir çox abituriyent imtahanın gözlədiklərindən daha çətin keçdiyini bildirir və bu, qəbul ballarının necə formalaşacağı sualını gündəmə gətirir. İmtahan nəticələri hələ elan olunmayıb, amma narahatlıq böyükdür. Buraxılış imtahanlarının nəticələri qəbul ballarına necə təsir edə bilər? Keçid balları kəskin artacaq, yoxsa stabil qalacaq?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi SİA-ya açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən cari ilin məzunları üçün həm 9 mart tarixində, həm də 15 mart tarixində qəbul imtahanının birinci mərhələsi birinci, ikinci, üçüncü, dördüncü qruplar üzrə, o cümlədən də qəbul imtahanının beşinci ixtisas qrupu və on birillik baza üzrə abituriyentlər üçün keçirilib:
“Təbii ki, abituriyentlər, eyni zamanda təhsil verənlər, yəni repetitor müəllimlər və valideynlər buraxılış imtahan mərhələsini sadə bir imtahan olaraq düşünürlər. Halbuki bu imtahan əslində qəbul imtahanı, yəni qəbul imtahanının birinci mərhələsidir. Burada qəbul imtahanının birinci mərhələsi ona görə deyilir ki, 700 ballıq sistem üzərindən 300 bal məhz buradan toplanır.
Ona görə də bu imtahana daha diqqətli və ciddi yanaşılmalıdır. Qəbul imtahanında isə, xüsusilə beşinci ixtisas qrupu üzrə birbaşa bu nəticə ilə qəbul aparılır. O cümlədən də on birillik baza üzrə orta ixtisas təhsil müəssisələrinə, yəni kolleclərə qəbul bu imtahan nəticəsi ilə həyata keçirilir. Buna görə də imtahan, dediyim kimi, sadə yox, əksinə qəbul imtahanının birinci mərhələsi olduğu üçün ciddi bir imtahan kimi dəyərləndirilməlidir.
Qaldı ki, ümumi nəticələr necə formalaşa bilər. Əlbəttə, imtihanda iştirakçılara baxsaq, ötən illərlə müqayisədə kifayət qədər çox iştirakçı var. 120 mindən çox abituriyentin iştirakı nəzərdə tutulurdu bu imtahanlarda və nəzərə alsaq ki, bu il ali təhsil istiqamətində gedib çatacaq məzunların sayı 133 mindən çoxdur, bütün bunlar onu deməyə əsas verir ki, bu il ali təhsil müəssisələrinə qəbulda, həmçinin də on birillik baza üzrə kolleclərə qəbulda müsabiqə vəziyyəti çox gərgin şəraitdə keçəcək, çünki iştirakçı sayı çoxdur.
Təbii ki, o iştirakçıların müsabiqədə iştirak etməsi məsələsi də imtahanla həll olunur. Kimlər müsabiqə şərtini ödəyirsə, təbii olaraq onlar müsabiqəyə buraxılır. Bunları isə biz imtahan nəticələrindən sonra daha dəqiq deyə bilərik.
Amma təxminlər üzərindən, əlbəttə ki, hal-hazırda imtahan nəticələri məlum deyil və biz imtahan nəticələrindən sonra göstəricilər üzərindən biləcəyik ki, məsələn, bu ilki imtahan nəticələri necə idi ötən illərlə müqayisədə. Əgər aşağı idisə, təbii ki, bu müəyyən qədər də olsa beşinci ixtisas qrupu və on birillik baza üzrə kolleclərə öz təsirini göstərə bilər. Amma birinci, ikinci, üçüncü, dördüncü qruplara təsir edəcək deyə bilmərik.
Çünki onların qarşıda blok imtahan mərhələləri gözləyir və orada nəticələr yaxşı olarsa, təbii ki, bu, yekun nəticələrə də təsir göstərə bilər.
Qaldı ki, çətin sualların düşməsi məsələsi və bunun imtahanda ballara təsiri. Çətin suallar fikrimcə, qismən hazırlaşan və ya orta səviyyədə hazırlaşan abituriyentlər üçün problem yarada bilər. Amma biz 120 min nəfərin hər biri üçün imtahanın çətin olduğunu deyə bilmərik. Onların arasında, məsələn, 20–30 min nəfər üçün imtahan çətin ola bilər, amma digərləri üçün çətin olub-olmadığını dəqiq deyə bilmərik. Bunu yalnız imtahan nəticələri göstərəcək.
Amma təbii ki, əgər ümumi nəticələr ötən illərlə müqayisədə çox aşağı olarsa, bu, təbii ki, ixtisasların keçid ballarına təsir göstərə bilər.
Qaldı ki, keçid ballarının artması və ya stabil qalması məsələsinə — yenə deyirəm, bunu biz imtahan nəticələrindən sonra daha dəqiq deyə bilərik. Hazırki vəziyyətdə isə ilkin proqnozumuz ondan ibarətdir ki, ümumi imtahan və qəbul prosesi kifayət qədər rəqabətli şəraitdə keçəcək. Buna əsas verən amillər iştirakçı sayının çox olmasıdır.
Eyni zamanda da 700 bal toplayan abituriyentləri bu il də gözləyirik və bilirsiniz ki, qarşıda blok imtahan mərhələləri də var. Ona görə də yekun nəticələr həmin mərhələlərdən də asılı olaraq dəyişə bilər.
Qaldı ki, imtahanların çətin olması səbəbindən müəyyən risklərin yaranması məsələsinə — təbii ki, imtahanlar çətin olarsa və, məsələn, 150–350 və ya 400 bala qədər nəticə toplayan abituriyentlərin sayı çox olarsa, müvafiq olaraq bir çoxunun bu nəticələrlə müsabiqədən kənarda qalması mümkündür.
Təsəvvür edin ki, məhz aşağı ballı ixtisaslarda gərgin rəqabət şəraiti müəyyən hissənin müsabiqədən kənarda qalmasına səbəb ola bilər. Ona görə də ən doğru yanaşma, təbii ki, imtahan nəticələrini gözləyərək, onların əsasında daha dəqiq fikir bildirməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB