Azərbaycan təhsil modeli AP təhsilnə oxşayır! - MƏQALƏ

Bizdə hələ də beynəlxalq təhsil deyiləndə ilk ağla gələn xarici dil öyrənməkdir. Təəssüflər olsun ki, bunun kökündə də əsasən “bölmə” anlayışı dayanır. Yəni rus və Azərbaycan bölməsi anlayışı olduğu kimi ingilis dilinə də köçürülüb.

Valideynlər bilməlidir ki, övladına dil öyrətmək üçün mütləq hansısa bölməni, yəni beynəlxalq proqramı seçməyə ehtiyac yoxdur. Uşaq dil bilgisini kurslarda da rahatlıqla əldə edə bilər. Əsas sual budur: beynəlxalq kurikulum bizə nə verir və bizim mövcud təhsil sistemimizdən nə ilə fərqlənir?
Məsələn, Azərbaycan kurikulumu mənə görə AP (Advanced Placement) təhsilinə daha yaxındır. Çünki AP-nin də əsas vəzifəsi orta məktəb dövründə universitet səviyyəli fənləri tədris etmək və bunu imtahanla ölçməkdir. Bizim sistemdə də yanaşma təxminən budur. Lakin fərq ondadır ki, AP bu modeli güclü, xüsusi istedadlı şagirdlər üçün nəzərdə tutur, biz isə bunu bütün uşaqlara tətbiq edirik.
AP-nin mərkəzində dil, şəxsiyyət və ya ümumi dünyagörüş yox, konkret akademik bilik dayanır. Yəni bizim anlayacağımız dillə desək, bilik yönümlü təhsildir.
Bu gün ölkəmizdə üç beynəlxalq təhsil modeli istifadə olunur: AP, IB və Cambridge. Təəssüf ki, çox vaxt bu modellər mahiyyəti tam anlaşılmadan, fəlsəfəsi düzgün tətbiq edilmədən tədris edilir. Bəzən valideyn üçün fərq belə olmur - yetər ki, ingilis dili olsun. Halbuki bu yanaşma kökündən yanlışdır. Çünki bir az loru dildə desək, IB təhsilini Azərbaycan dilində də, Çin dilində də vermək olar.
Sözü çox uzatmadan hər üçünün əsas fərqli cəhətlərini sizinlə bölüşüm, qərarı isə yenə siz verin.

AP, IB və Cambridge – mahiyyət fərqləri nədir?
- AP – elit akademik fənn proqramıdır
- IB – fəlsəfi-düşüncə modelidir
- Cambridge – strukturlaşdırılmış akademik sistemdir
Daha qısa desək:
• AP: “Güclü şagird üçün sürətlənmiş akademik yol”
• IB: “Güclü düşüncə üçün formalaşdırıcı yol”
• Cambridge: “Stabil və ölçülə bilən akademik yol”
P.S. Sonda isə bir valideyn kimi yox, bu sistemlərin içində olan biri kimi deyim ki, seçim edərkən “harada ingilis dili var?” sualını yox, “bu model mənim övladıma nə qatacaq və mən nə istəyirəm?”suallarını vermək daha doğrudur. Uşağınızın gələcəyini bölmə yox, yanaşma müəyyən edir.

Şəmil Sadiq

Bütün xəbərlər Facebook səhifəmizdə