Təhsildə bərabərlik daha çox maddi imkanlardan, yoxsa regional fərqlərdən asılıdır ? - EKSPERT

"Təhsildə bərabərlik daha çox maddi imkanlardan, yoxsa regional fərqlərdən asılıdır? Əslində, hər iki faktor burada təsiredicidir. Yəni, həm maddi imkanlar, ailənin maddi təminatı, eyni zamanda burada paytaxtdan uzaq məsafədə yerləşmək və region faktoru təbii ki, öz təsirini göstərir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, ilk öncə mən maddi imkanların təsirlərindən danışmaq istəyirəm: "Ümumiyyətlə, maddi imkanlar daha çox təhsilə əlavə resurslardan istifadə imkanları yaradır. Bunlar nədir? Tutaq ki, maddi imkanı yaxşı olan ailənin uşağı yaxşı özəl məktəbdə oxuya bilər. Eyni zamanda, maddi imkanı yaxşı olan ailə istənilən bölgədə və ya istənilən yerdə yaşamaq seçimini əldə edə bilər və bu da təbii ki, daha yaxşı məktəbdə təhsil almağı şəkləndirə bilər. Tutaq ki, əlavə kurslardan, daha yaxşı kurslardan istifadə imkanını formalaşdıra bilər. Onlar köməkçi resurslardan, eyni zamanda daha yaxşı repetitorların xidmətlərindən istifadəni asanlaşdıra bilər. Yəni, maddi baxımdan imkan təbii ki, əlavə fürsətlər yaratmaq baxımından faydalıdır.

Regiondan asılı olaraq müəyyən resurslara əlçatanlıq azala bilir. Məsələn, şagirdin oxuduğu məktəbin infrastruktur imkanları zəifləyə bilir. Regionlarda, tutaq ki, yaxşı özəl məktəb tapmaq imkanı demək olar ki, yoxdur və yaxud çox azdır. Digər tərəfdən, rəqəmsal texnologiyalara çıxış imkanı zəifləyir. Eyni zamanda, tutaq ki, yaxşı müəllimlər çalışırlar ki, daha çox prestijli məktəblərdə, daha çox şəhər məktəblərində cəmləşsinlər. Təbii ki, mən region müəllimlərinin fədakarlığını yüksək dəyərləndirən biriyəm, bizim regionlarda da çox yaxşı müəllimlər var. Amma bəzən biz bunu müəllimlərin işə qəbul imtahanlarının son ildəki nəticələrindən də görürük ki, region məktəblərində müəllim çatışmazlığı müşahidə olunur və s. Amma paytaxtda, tutaq ki, belə hallar yoxdur.O mənada qeyd etdiyim nüanslar təhsildə bərabərliyin zəifləməsinə gətirib çıxarır. Amma təbii ki, Azərbaycan dövlətinin Konstitusiyasında, eyni zamanda təhsillə əlaqəli qanunvericilikdə təhsilin əlçatanlığı və eyni zamanda dövlətin bütün vətəndaşlar üçün bərabər təhsil imkanları yaratması əks olunub. Amma qeyd etdiyim faktorlar sadəcə olaraq əlavə təhsil almaq imkanları üçün fürsətləri genişləndirir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə