Bakıda III Təhsil Menecerləri Forumu keçiriləcək

Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçiriləcək. SİA xəbər verir ki, təhsildə innovasiya, rəqəmsallaşma və effektiv idarəetmə modellərinin əsas istiqamət kimi götürüldüyü forum təhsil sahəsinin liderlərini bir araya gətirərək yerli və xarici ekspertlərin ən aktual trendlər, innovativ yanaşmalar, tətbiq edilə bilən həllər barədə çıxışlarının təqdim edəcəyi böyük platformadır.

“Gələcəyin təhsil modelini birlikdə formalaşdıraq” devizi ilə keçiriləcək forumda spikerlər “Alfa nəslinin təlim-tərbiyəsində yeni yanaşmalar”, “Qiymətləndirmə nəticələrinin real tədris dəyişikliklərinə təsiri və məktəb rəhbərlərinin rolu”, “Təhsil dairəsi nəzəriyyəsi - texnologiyanın HR sahəsində tətbiqi və təhsil menecerlərinə təsiri” , “Müasir məktəb idarəçiliyi və innovativ model yanaşmaları”, “Təhsildə maliyyə dayanıqlılığı və büdcənin effektiv idarə olunması”,
“Süni intellekt dövründə təhsil: imkanlar və gələcək perspektivlər” kimi aktual mövzularda çıxış edəcəklər.

Qeyd edək ki, forum çərçivəsində Təhsil Texnologiyaları Sərgisi də təşkil ediləcək. Sərgi təhsil sahəsində çalışan mütəxəssislərə ən müasir texnoloji yenilikləri bir arada görmək, təcrübədən keçirmək və innovativ həllərlə tanış olmaq imkanı yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə