"Yaxın qonşu ölkələrin təcrübəsində bu yanaşma artıq tətbiq olunur və məlum olduğu kimi, Gürcüstan hökuməti də ali təhsil pillələrinin müddətləri ilə bağlı yeni qərar qəbul edib. Azərbaycanda isə bu məsələnin gündəmə gəlməsi ilə əlaqədar Milli Məclisin Elm və Təhsil komitəsinin bir neçə üzvü müəyyən fikirlər səsləndiriblər. Lakin bildiyim qədərilə hələlik bu istiqamətdə konkret və yekun bir mövqe formalaşmayıb". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Onun sözlərinə görə, əgər belə bir dəyişiklik reallaşarsa, “Elm və Təhsil haqqında” qanuna müvafiq əlavələr və dəyişikliklərin edilməsi zəruri olacaq:
"Milli Məclisə daxil olan ilkin müzakirələr zamanı cəmiyyətə, ictimaiyyətə və sosial şəbəkə üzərindən müəyyən açıqlamalar verilsə də, təəssüf ki, hələ də rəsmi qərar ortada yoxdur. Hazırda Azərbaycanda bakalavr təhsilinin 3 il, magistr təhsilinin isə 1 il olması ilə bağlı təkliflər səsləndirilir. Hətta doktorantura pilləsinin müddətinin qısaldılması istiqamətində də müəyyən müzakirələr mövcuddur. Lakin bu dəyişikliklərin “Təhsil haqqında” qanunda öz əksini tapıb-tapmayacağı hələlik sual altındadır. Əslində, ətraf ölkələrin mövcud təcrübəsindən yararlanmaq, eləcə də müasir əmək bazarının real tələblərini nəzərə almaq baxımından bu modelin – yəni 3 illik bakalavr və 1 illik magistratura sisteminin tətbiqi məqsədəuyğun ola bilər. Çünki bu gün dünya sürətlə texnoloji cəhətdən inkişaf edir, informasiya resurslarına çıxış isə demək olar ki, hər kəs üçün əlçatan vəziyyətdədir. İnternet üzərindən, elektron platformalar və digər rəqəmsal resurslar vasitəsilə tələbələr qısa zamanda dünyanın istənilən təhsil mənbəyinə çata bilirlər.
Bütün bunları nəzərə aldıqda, bir çox ixtisaslar üzrə əlavə bir illik təhsil müddətinin saxlanılması bəzən zəruri görünmür. Ən çətin və xüsusi hazırlıq tələb edən sahələr – məsələn, tibb – istisna olmaqla, digər sahələr üzrə proqramların 3 illik bakalavr pilləsində mənimsənilməsi kifayət qədər realdır. Bu, həm təhsil prosesinin optimallaşdırılmasına, həm də gənclərin daha tez əmək bazarına daxil olmasına şərait yarada bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB