"Ailələrin təhsilə müdaxiləsi həddindən artıq tez-tez müşahidə olunur və bu, artıq yol verilməz bir hal alıb. Doğrudur, şəxsən özüm təhsil xidmətləri ilə məşğul olduğum üçün deyə bilərəm ki, bu gün gənclərin, şagirdlərin öz təhsil həyatları, gələcək planları ilə bağlı fikirləri ildən-ilə daha da müstəqil, daha sərbəst və azad seçimə əsaslanan bir hala gəlir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.
Onun sözlərinə görə, amma çox təəssüf ki, hələ də deyə bilmərik ki, vəziyyət yaxşılaşmaq üzrədir. Yenə də valideyn diktəsi çox geniş yayılıb: "Valideynlər birinci sinifdən on birinci sinifə qədər övladının hazırlığına, tədris keyfiyyətinə, peşə və ixtisas seçiminə, təhsilə olan ümumi münasibətinə və hətta onun daxili istedadına belə qarışırlar. Onun içində olan potensialı, peşə sevgisini valideyn öz düşüncəsindəki planlarla əvəz edir və manipulyasiya etməyə çalışır. Bütün qərarları uşaq yerinə valideyn vermək istəyir. Bu isə yol verilməz haldır. Biz durub kiməsə məsləhət vermək fikrində deyilik, amma bəzi reallıqlar var ki, artıq bu cür müdaxilələr təhsilin keyfiyyətinə birbaşa təsir edir. Təhsilin üç əsas tərəfi var: müəllim, şagird və valideyn. Valideyn təhsil prosesinin passiv siması olmamalıdır, amma bu, şagirdə və övladın həyatına birbaşa müdaxilə kontekstində olmamalıdır. Valideynin rolu dəstəkçi və faydalı şəkildə iştirakçı olmaqdan ibarət olmalıdır.
Təəssüf ki, bizdə valideynlər, tədris prosesindən anlayışı olsa da, olmasa da, övladının hər sahəsində öz istədiyini yeritməyə çalışır. Məsələn, ixtisas seçimi zamanı valideynlər deyirlər ki, "uşaq kimdir ki, fikri olsun?". Bu nə deməkdir? Bu, tamamilə qəbuledilməz və zərərli yanaşmadır. Bir çox hallarda valideynlər övladını tanımadan onun üçün qərar verir. Halbuki təhsillə bağlı qərarlar, birbaşa övladın istedadı, maraqları və daxili motivasiyası ilə əlaqəli olmalıdır. İbtidai sinifdə bir problem, orta siniflərdə başqa, yuxarı siniflərdə isə daha fərqli bir problem yaranır. Heç bir mərhələdə valideynin müdaxiləsi adekvat olmur.
Valideyn komitələri də bu müdaxilələrə görə sıradan çıxıb və formallığa çevrilib. Əsas fəaliyyəti müəllim günündə, 8 Martda və ya ad günlərində hədiyyə yığmaqdan ibarət olub. Bu gün təkcə valideynlərdən ibarət WhatsApp qrupları belə təhsilə böyük zərər vurur. Bu ziyan ölçülə bilməyəcək qədər çoxdur. WhatsApp qruplarının təhsil prosesinə mənfi təsirini bu sahədə olanlar daha yaxşı bilirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB