AzMİU-da elektron kitabxananın yeni oxu zalı istifadəyə verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasir təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Universitetin 50 illik yubileyi çərçivəsində Elektron Kitabxananın 1 saylı tədris korpusunda yeni oxu zalı istifadəyə verilib.

SİA-nın məlumatına görə, AzMİU-dan bildirilib ki, rektor Gülçöhrə Məmmədova yeni oxu zalında yaradılan şəraitlə tanış olub. Bildirib ki, tələbələrin elmi-tədqiqat mühitinin müasirləşdirilməsi universitetin strateji inkişaf prioritetləri sırasındadır. Onun sözlərinə görə, son illərdə AzMİU-da tədris mühitinin yenilənməsi istiqamətində ardıcıl və sistemli addımlar atılır. Yeni oxu zalının istifadəyə verilməsi isə bu prosesin məntiqi davamıdır. Oxu zalı tələbələrin elmi mənbələrə operativ çıxışını təmin etmək məqsədilə yaradılıb. Məkanda rəqəmsal resurslardan rahat istifadə imkanı təmin olunub ki, bu da tələbələrin müstəqil öyrənmə və tədqiqat imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Universitetin iqtisadi və təsərrüfat işləri üzrə prorektoru İsrafil Məmmədov oxu zalının texniki imkanları barədə ətraflı məlumat verərək bildirib ki, məkanda yüksəksürətli Wi-Fi şəbəkəsi, müasir kompüter avadanlıqları və komfortlu iş mühiti yaradılıb. O, tələbələrin şəxsi notbuk və planşetləri ilə də elektron resurslardan sərbəst faydalana biləcəklərini vurğulayıb.

Elektron kitabxananın müdiri Aytən Rəhmanova qeyd edib ki, son illərdə elektron resurslara maraq sürətlə artmaqdadır və istifadəçi sayının çoxalması fonunda yeni oxu zalına ciddi ehtiyac yaranıb. Onun sözlərinə görə, bu məkan tələbələrə informasiya resurslarını daha çevik və rahat şəkildə əldə etməyə imkan verəcək.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili isə bu təşəbbüsü tələbələrin təhsilinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirərək, tələbə kollektivi adından universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, elektron kitabxanadakı kitablar əsasən 3 dildə - Azərbaycan, rus və ingilis dillərindədir. Buradakı kitabların və elektron materialların sayı əhəmiyyətli dərəcədə artırılıb. Hazırda ümumi resurs sayı 510 mindən çoxdur. Elektron kataloqun genişləndirilməsi AzMİU-nun kitabxanalarına müraciət edən oxucuların lazım olan kitabı sürətli şəkildə əldə etməsinə imkan yaradır. Kataloqlarda kitabların və müəlliflərinin adı, eləcə də bu kimi zəruri məlumatlar yer alır. Kitablardan əlavə, digər materiallarla bağlı zəruri məlumatlar da elektron kataloqlarda yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə