Sertifikasiyadan keçə bilməyən müəllimlərin işdən kütləvi çıxarılması hansı riskləri yarada bilər ? - EKSPERT AÇIQLADI
Ölkədə müəllimlərin sertifikasiya prosesi ilə bağlı kütləvi işdən çıxarılmalar geniş müzakirələrə səbəb olub. Elm və Təhsil Nazirliyi bildirir ki, təqribən 8 min müəllimlə müqaviləyə xitam verilib, onların əksəriyyəti ibtidai sinif və Azərbaycan dili müəllimləridir. Nazir vurğulayır ki, müəllimlərin əsas vəzifəsi şagirdə dili düzgün və mükəmməl öyrətməkdir. Bəs, bu proses məktəblərdə kadr çatışmazlığına səbəb ola bilərmi Sertifikasiyadan keçə bilməyən müəllimlərin kütləvi çıxarılması hansı riskləri yarada bilər? Bu proses müəllim çatışmazlığına səbəb olacaq?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda sistemdən kənarlaşdırılan, yəni təhsil sistemindən çıxarılan müəllimlərin 7-8 min nəfəri elə şəxslərdir ki, onlar sertifikasiyada onlara verilən ikinci cəhddə belə yaxşı nəticə göstərə bilməyiblər:
“Yəni, belə baxanda o müəllimlər artıq həm cəmiyyət, həm də şagirdlər üçün faydalı ola bilməyəcəklər. Ona görə də onların sistemdən kənarlaşdırılmasında elə bir faciə yoxdur. Başqa bir məsələ də odur ki, bu gün müqaviləsinə xitam verilmiş müəllimlərin əvəz olunması üçün çoxsaylı ehtiyat müəllimlər var. Məsələn, MİQ imtahanlarında hər il 50-60 min müəllim namizədi iştirak edir və onlardan yalnız 5-6 min nəfəri vakansiyalarla təmin olunur. Bu da o deməkdir ki, Azərbaycanda müəllim qıtlığı yaranmayacaq. O başqa məsələdir ki, ucqar bölgələrdə müəllim çatışmazlığı yaşanır. Bu da əsasən bəzi ixtisaslar üzrədir – elə fənlər var ki, az tədris olunur və həmin yerlərə getmək istəyənlər olmur. Belə hallarda dünya təcrübəsindən yararlanmaq olar. Məsələn, yaşı 65-i keçmiş, təqaüddə olan müəllimləri əlavə həvəsləndirici tədbirlərlə cəlb etmək olar ki, ucqar yerlərdə çalışsınlar. Çinin bu sahədə bir təcrübəsi olub – “ağ saçlılar” və ya “gümüşü saçlılar” təşəbbüsü çərçivəsində təxminən 7 min təqaüdçü müəllim ucqarlarda işə cəlb olunub. Azərbaycan da bu modeli tətbiq edə bilər.
Beləliklə, bu 7-8 min müəllimin sistemdən çıxarılması Azərbaycanda təhsil sahəsində qıtlıq yaratmayacaq. Elm və Təhsil Nazirliyinin də siyasəti müəllimlərin sayını azaltmaq, lakin keyfiyyətli müəllimləri saxlamaq və onların əmək haqlarını artırmaqdan ibarətdir. Yəni məqsəd müəllimlərin sayını optimallaşdırmaq, amma keyfiyyəti və maaşı artırmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB