Şimal-qərb bölgəsində məktəb-valideyn əməkdaşlığını gücləndirmək məqsədilə konfranslara start verilib

Məktəb-valideyn əməkdaşlığını gücləndirmək məqsədilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə şimal-qərb bölgəsində “Gələcəyimizi birlikdə qururuq!” adlı regional konfranslara start verilib. İlk olaraq Şəki şəhəri və Qəbələ rayonunda təşkil edilən valideyn konfransları “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” və “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması” mövzularına həsr olunub. Konfranslarda Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və 300-dən çox valideyn iştirak edib.

Bu barədə SİA-nın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Şəki şəhərində təşkil olunan konfransda çıxış edən Regional Təhsil İdarəsinin müdir müavini Hafız Pənahov bildirib ki, rəqəmsal texnologiyalar təhsil imkanlarını genişləndirməklə yanaşı, uşaqların emosional və sosial inkişafına təsir edən müəyyən risklər də yaradır. İnternetdən həddindən artıq istifadə, sosial şəbəkələrdə yayılan yanlış informasiyalar, kibertəhlükələr və uşaqların real sosial mühitdən uzaqlaşması valideynlərin xüsusilə diqqət yetirməli olduğu əsas məsələlərdəndir. Müdir müavini vurğulayıb ki, təhsildə rəqəmsal bacarıqlar mühüm rol oynasa da, onların balanslı istifadəsi müəllim və valideynlərin birgə məsuliyyətidir.

Konfransda çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva valideyn-məktəb əməkdaşlığının vacibliyini vurğulayaraq bildirib ki, uşaqların rəqəmsal davranışlarının formalaşmasında ailənin rolu danılmazdır. Onun sözlərinə görə, valideynlər həm öz texnologiya istifadələrinə diqqət etməli, həm də övladlarına sağlam rəqəmsal vərdişlər aşılamaqla nümunə olmalıdırlar.

Qəbələ rayonunda keçirilən konfransda çıxış edən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov məktəblərdə nizam-intizamın gücləndirilməsi, şagird davranışının düzgün idarə olunması və valideyn-məktəb əlaqələrinin sistemli şəkildə qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. O, qeyd edib ki, “məktəb-valideyn əməkdaşlığı” anlayışı yalnız görüşlərdən ibarət deyil və bu əlaqə qarşılıqlı etimada, açıq kommunikasiya kanallarına və uşağın maraqlarını nəzərə alan birgə strategiyaya əsaslanmalıdr.

Qəbələ rayon Təhsil sektorunun müdiri Arifə Bayramova çıxışında rayonun təhsil müəssisələrində valideyn-məktəb əməkdaşlığı üzrə uzun illər ərzində formalaşmış ənənələrdən bəhs edib, zamanın tələbinə uyğun olaraq bu sahədə yeniliklərin tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırıb. Qeyd olunub ki, təhsil müəssisələrində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi, valideynlərin məktəb həyatına daha fəal cəlb edilməsi və psixoloji xidmətlərin təkmilləşdirilməsi risklərin azalmasına mühüm təsir göstərir. ‎

Konfranslarda fəal müzakirələr aparılıb, valideynlərin sualları cavablandırılıb, mövzular üzrə praktik tövsiyələr verilib və bu istiqamətdə məktəblərdə həyata keçirilən fəaliyyət barədə məlumatlar təqdim edilib.

Müzakirələr panel sessiyalarla davam etdirilib.

Qeyd edək ki, valideynlərlə növbəti konfransların dekabrın 11-də Balakən, Zaqatala, Qax və Oğuz rayonlarında keçirilməsi nəzərdə tutulur. Tədbirlər “Sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri”, “Uşağın psixoloji və emosional inkişafı”, “Təhsildə ailənin rolu və əməkdaşlıq yolları”, “Tədris motivasiyası və öyrənməyə marağın artırılması” mövzularını əhatə edəcək. Valideyn konfranslarının məqsədi məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etmək, valideynlərin təhsil prosesinə sistemli şəkildə cəlb olunmasını təşviq etmək və məktəb-ailə tərəfdaşlığını möhkəmləndirməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə