“Praktiki dərslər öyrənməyin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır” -EKSPERT DANIŞDI
"Şagirdlərin məktəbdə daha çox praktik dərslər keçməsi ümumi nəticəni yüksəldə bilər. Təbii ki, proses düzgün tənzimlənməlidir. Əgər bu tənzimləmə düzgün aparılarsa, ümumi təhsil göstəriciləri yaxşılaşa bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, yalnız dinləmə zamanı şagird əldə etdiyi biliklərin cəmi 10-20 faizini yadda saxlaya bilir: "Amma nəzəri biliklər praktiki biliklərlə zənginləşdirildikdə və şagirdin öyrənmə prosesində aktiv iştirak etməsi üçün şərait yaradıldıqda, bu zaman öyrənmənin səmərəliliyi 70-80 faizədək artır. Bu səbəbdən də məktəblərdə fundamental fənlər üzrə laboratoriya şəbəkələri qurulur və şagirdlər nəzəri bilikləri praktikada tətbiq etməklə öyrənirlər. Bu isə həm daha yadda qalan olur, həm də daha düşündürücü.
Praktiki dərslər olduqca önəmlidir. Bu dərslərdə şagirdlər düşünərək, eyni zamanda nəzəri biliklərin praktik tətbiqini görərək həmin bilikləri yadda saxlayırlar. Bu biliklər onların düşüncəsində artıq yer tutur. Müasir tədris ümumilikdə səriştə və bacarıq yönümlü olmalıdır. Kurikulumun əsas yanaşmalarından biri də məhz budur. Bu, şagirdlərdə məntiqi təfəkkürün, analitik düşüncənin formalaşmasına da ciddi şəkildə müsbət təsir göstərir.
Həmçinin nəzəri dərsləri praktiki məşğələlərlə zənginləşdirdikdə şagirdlər qrup şəklində öyrənməyə maraq göstərirlər. Bəzən bu cür praktiki məşğələlər passiv şagirdlərin belə aktivləşməsi üçün imkan yaradır. Məsələn, fizikanı eksperimentlərlə öyrətmək, biologiyanı laborator mühitdə tədris etmək təkcə nəzəri bilik deyil, həm də praktiki vərdişlərin aşılanması, şagirdin özünü ifadə etməsi üçün mühitin yaradılması deməkdir. Bu da onların aktivliyinin artmasına gətirib çıxarır. Belə yanaşmalar passiv şagirdlərin də daxili potensialını üzə çıxara bilər. Komanda işi, şagirdlərin kommunikasiya bacarıqları, fikir ifadə etmə qabiliyyətləri inkişaf edir. Mövzuya yalnız nəzəri deyil, həm də praktiki yanaşma, onun həyatla əlaqəsinin qurulması şagirdin dərsi daha dərindən mənimsəməsinə səbəb olur. Nəticədə isə bu, ümumi təhsil nəticələrinin yüksəlməsi ilə müşayiət olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB