"Sinifdə şagird sayının çoxluğu müasir təhsil sistemində tədrisin effektivliyinə birbaşa təsir göstərən əsas amillərdən biridir". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
.jpg)
Onun sözlərinə görə, şagird sıxlığı artdıqca müəllimin təlim prosesini idarə etməsi, fərdi yanaşma tətbiq etməsi və dərsin məqsədlərinə çatması daha da çətinləşir: "Bu, həm pedaqoji, həm də sosial-psixoloji müstəvidə müxtəlif problemlərin yaranmasına səbəb olur.
Tədrisin keyfiyyəti də şagird sıxlığından ciddi şəkildə asılıdır. Çoxsaylı siniflərdə qiymətləndirmə prosesi vaxt baxımından çətinləşdiyi üçün müəllim yazılı, praktiki və layihə işlərini daha səthi şəkildə yoxlamağa məcbur qala bilər. Şagirdlərin dərsdə fəallıq və özünüifadə imkanları məhdudlaşır, çünki hər kəsə söz vermək və interaktiv metodlar tətbiq etmək üçün kifayət qədər zaman olmur. Bu isə həm ünsiyyət bacarıqlarının inkişafına, həm də öyrənmə motivasiyasına mənfi təsir göstərir.
Şagird sayının çoxluğu sinifdə sosial-psixoloji atmosferə də təsir edir. Şagird–müəllim münasibətlərinin keyfiyyəti zəifləyir, şagirdlərin fərdi ehtiyaclarının, qayğı və diqqət tələbatlarının qarşılanması çətinləşir. Sinif daxilində əməkdaşlıq və səmimi mühit yaratmaq böyük sayda şagirdlə daha çətin olur, nəticədə uşaqlar arasında sağlam sosial münasibətlərin formalaşması ləngiyə bilər.
Pedaqoji araşdırmalar və beynəlxalq təcrübə göstərir ki, optimal tədris mühiti yaratmaq üçün sinifdə şagird sayının 15–20 arasında olması ideal hesab olunur. Bu say müəllimə həm fərdi yanaşma tətbiq etməyə, həm də interaktiv və yaradıcı təlim metodlarından effektiv şəkildə istifadə etməyə imkan verir. 25–28 nəfərə qədər olan siniflər qəbul edilə bilən hədd sayılır, lakin bu səviyyədə də bəzi çətinliklər özünü göstərməyə başlayır. Şagird sayı 28-dən çox olduqda isə tədrisin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşür və dərsin idarə olunması çətinləşir.
Bütün bunlar göstərir ki, sinifdə şagird sayının düzgün tənzimlənməsi tədris prosesinin səmərəliliyi üçün mühüm şərtdir. Optimal sinif ölçüsünün təmin olunması həm şagirdlərin akademik nailiyyətlərinin artmasına, həm də onların sosial-emosional inkişafının güclənməsinə şərait yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB