Elm və ali təhsilin beynəlmiləlləşməsi çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq ali məktəblərlə ikili diplom və birgə tədqiqat fəaliyyətləri son illərdə əhəmiyyətli şəkildə genişlənib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, 2020–2025-ci illər ərzində universitetlərimiz həm Avropa, həm Asiya, həm də ABŞ-da fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini gücləndirərək bir sıra yeni proqramlar və layihələrə start veriblər.
SİA-nın məlumatına görə, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, hazırda ölkənin aparıcı universitetləri Almaniya, Böyük Britaniya, ABŞ, İtaliya, İspaniya, Litva, Portuqaliya, Koreya Respublikası, Türkiyə, Qazaxıstan, Malayziya və İndoneziyanın ali məktəbləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqlar ikili diplom proqramları, qarşılıqlı tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqat təşəbbüsləri və beynəlxalq qrant layihələrini əhatə edir.
Universitetlər arasında xüsusilə iqtisadiyyat, mühəndislik, informasiya texnologiyaları, təbiət elmləri, təhsil, sosial elmlər və idarəetmə sahələri üzrə əməkdaşlıq daha da artıb. Birgə tədqiqat layihələri həm qlobal trendlərə uyğun olaraq süni intellekt, rəqəmsal transformasiya, enerji, iqlim dəyişmələri, biotexnologiya, qida təhlükəsizliyi və digər strateji sahələrdə aparılır.
Agentlik qeyd olunan fəaliyyətlərin davamlılığını təmin etmək, eləcə də ali təhsil müəssisələrimizin beynəlxalq akademik məkanla inteqrasiyasını gücləndirmək məqsədilə universitetlərlə birlikdə bu əməkdaşlıq formatlarının genişləndirilməsi istiqamətində işləri davam etdirir. Növbəti illərdə ikili diplom proqramlarının artırılması, elmi-tədqiqat institutları ilə xarici tərəfdaşlar arasında innovasiyayönümlü layihələrin sayı və miqyasının genişləndirilməsi prioritet istiqamətlərdən biri olaraq qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB