Bağça müəllimləri üçün təlimlər keçirilib - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan bir qrup tərbiyəçi-müəllim üçün fəaliyyətin təkmilləşdirilməsinə dair təlimlər keçirilib. BŞTİ-dən SİA-ya bildirilib ki, məktəbəqədər təhsildə keyfiyyətin artırılmasının əsas prioritet istiqamətlərdən biri olduğunu bildirən BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından təlimlərin mühüm əhəmiyyət daşıdığını söyləyib. Müdir müavini belə görüşlərin təlim-tərbiyə prosesində yeni interaktiv və innovativ yanaşmaların tətbiqinə, uşaqlar üçün daha əlverişli və təhlükəsiz mühitin yaradılmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

İxtisaslaşmış təlimçi-metodistlər tərəfindən keçirilən təlimlərdə məktəbəqədər təhsildə uşaqların fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyindən danışılıb, metodiki işin təşkili zamanı səriştəlilik prinsiplərinin, ənənəvi təcrübədən yaradıcı istifadənin zəruriliyindən bəhs edilib. Həmçinin iştirakçılar müasir pedaqoji trendlər, uşaq inkişafı və psixologiyası, oyun əsaslı təlim metodları, təhlükəsiz və inkişafyönümlü mühitin təmin olunması, təlim-tərbiyə prosesində valideynlərin iştirakı, onlarla effektiv ünsiyyət bacarıqları və digər vacib mövzular barədə məlumatlandırılıblar.

Təlimlərdə iştirakçılarla interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması, müasir təlim metodlarının tətbiqi və uşaqların inkişafına yönəlmiş innovativ yanaşmaların gücləndirilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə