Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Noyabrın 23-də Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilati dəstəyi ilə “Hilton Baku” hotelində GLC FAIR 2025 - Beynəlxalq Təhsil Sərgisi baş tutacaq. Bu barədə SİA-ya Təhsil Cəmiyyətindən məlumat verilib.

GLC FAIR Azərbaycan gənclərinə dünyanın aparıcı təhsil mərkəzlərinə birbaşa çıxış imkanı təqdim edir. Sərgidə Böyük Britaniya, Almaniya, Fransa, Macarıstan, Polşa, Türkiyə, Litva, Malta, Kipr, ABŞ, Kanada, Çin, Misir, Fransa, Özbəkistan, Azərbaycan və digər ölkələrdən universitet və qurumlar iştirak edəcək. Sərgi çərçivəsində universitet nümayəndələri təhsil sistemləri, ixtisas istiqamətləri, qəbul tələbləri, təqaüd proqramları, yaşayış şəraiti və viza prosedurları barədə ətraflı məlumat verəcəklər. Bu il sərgidə universitetlər bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yenilənmiş tədris proqramlarını, eləcə də tələbələr üçün nəzərdə tutulmuş xüsusi təqaüd paketlərini təqdim edəcəklər.

Sərgiyə gələnlər:

- Universitet nümayəndələri ilə birbaşa ünsiyyət quracaq;

- Təqaüd tələbləri haqqında peşəkar məsləhətlər alacaq;

- 2025–2026-cı tədris ili üçün ən sərfəli təhsil imkanları ilə tanış olacaq;

- - Xaricdə təhsilə hazırlıq yolunda individual mentor dəstəyi əldə edəcəklər.

Xaricdə təhsil almağı planlaşdıran gənclər üçün geniş seçim imkanı təqdim edən GLC FAIR bu il də ölkəmizdə informativ beynəlxalq təhsil platforması kimi fəaliyyət göstərəcək. Sərgi hər bir tələbəni öz təhsil yolunu düzgün planlaşdırmağa və dünya universitetləri ilə bir addım daha yaxınlaşdırmağa dəvət edir.

Sərgi saat 12:00–17:00 aralığında ziyarətçilər üçün açıq olacaq və giriş tamamilə pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə