PMS imtahanının ikinci mərhələsinə qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 21-də Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə elektron formada peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsi üzrə imtahan keçiriləcək.

SİA-nın məlumatına görə, DİM-dən bildirilib ki, imtahana qeydiyyat noyabrın 17-si saat 18:00-dan dekabrın 8-si saat 11:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət test bloku təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 saylı qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beşillik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə