Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib

Noyabrın 17-də Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib. SİA xəbər verir ki, əvvəlcə SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov “STEAM Azərbaycan” layihəsinin 300 mindən çox şagirdi, 400-dən çox məktəbi əhatə etdiyini söyləyib. O bildirib ki, hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur. Qeyd edib ki, ümumilikdə ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında STEAM Azərbaycan layihəsinin əhəmiyyətindən danışıb. Nazir bildirib ki, növbəti tədris ilindən başlayaraq Qarabağ Universitetində həm ayrı-ayrı fənlər üzrə müəllim hazırlığına, həm də STEAM təhsilinin ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanılacaq. Nazir qeyd edib ki, STEAM Azərbaycan layihəsində iştirak edən şagirdlərin sayı bu günədək dəfələrlə artıb.

Çıxışlardan sonra festivalda yarışacaq komandaların təqdimatı və bədii hissə baş tutub.

Xatırladaq ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.

Beynəlxalq STEAM Azərbaycan Festivalı noyabrın 19-dək davam edəcək.

Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir.

Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə