“Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi uğurla başa çatdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi uğurla başa çatdırılıb. Layihə Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən icra olunub və müxtəlif yaş qruplarını astronomiyaya cəlb etmək, elmi maarifləndirməni gücləndirmək və ölkə üzrə astro-mədəni mühiti genişləndirmək məqsədi daşıyıb. Layihə 1 iyun tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş geniş festival çərçivəsində keçirilən astro-düşərgə ilə açılış edib. Burada 500-dən çox uşaq teleskop müşahidələrinə qoşulub və Günəşin, eləcə də digər səma cisimlərinin müşahidəsi zamanı mütəxəssislərdən ilk elmi izahlar alıb. Daha sonra Bakı Dövlət Universiteti və tərəfdaş qurumların təşkil etdiyi Yay düşərgəsində “Astronomiya axşamı” keçirilib. İştirakçılar astrofoto sərgisi ilə tanış olub, interaktiv oyunlarda iştirak edib və axşam saatlarında teleskoplarla müşahidələr aparıblar. Layihə çərçivəsində təşkil edilən növbəti böyük fəaliyyət – ictimai AstroCamp – ölkənin aparıcı elmi mərkəzlərindən birində gerçəkləşib. Burada iştirakçılar üçün astrofotografiya, teleskoplardan istifadə və səma müşahidəsinin əsasları üzrə ustad dərsləri keçirilib, həmçinin muzey ekskursiyaları və gecə müşahidələri təşkil olunub. Sentyabr ayında keçirilən Ay tutulmasının canlı müşahidəsi də yüzlərlə sakinin iştirakını təmin edib. Xüsusi quraşdırılmış teleskoplar vasitəsilə tutulmanın bütün mərhələləri nümayiş etdirilib və alimlər tərəfindən elmi-populyar izahlar təqdim olunub. Layihə çərçivəsində astronomiya üzrə iki mühüm nəşr — “Astronomiya Olimpiadaları: Məsələlər və onların həllləri”“Astronomiyada Əsas Anlayışlar” — Azərbaycan dilinə tərcümə edilərək çap olunub. Kitabların təqdimat mərasimlərində onların tədris prosesində istifadəsi və Azərbaycan dilində elmi resursların artırılması baxımından əhəmiyyəti vurğulanıb. Eyni zamanda “Fəza və Zamanın Elçiləri” sənədli filmi dublyaj edilərək ilk dəfə nümayiş etdirilib. Film astronomiyanın əsas anlayışlarını geniş auditoriyaya vizual və əlçatan formada çatdırmaq məqsədi daşıyır. Layihənin əhatə etdiyi fəaliyyətlərdən biri də Qarabağda keçirilən ilk açıq astronomik müşahidə olub. Şəhər mərkəzində quraşdırılmış teleskoplar vasitəsilə iştirakçılar Saturnu müşahidə edib və bölgədə elmi maarifləndirmənin bərpasına simvolik töhfə verilib.

Ümumilikdə layihə ölkənin müxtəlif regionlarında minlərlə insanı əhatə edərək astronomiya elminin populyarlaşdırılması, gənclərin elmə marağının artırılması və Azərbaycan dilində elmi resursların genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə