Şagirdlərin dərs yükü niyə günü-gündən ağırlaşır? -TƏHSİL EKSPERTİ AÇIQLADI

“Şagirdlərin ev tapşırıqları ilə bağlı Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarı var”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

Onun sözlərinə görə, həmin qərarın ikinci hissəsində qeyd olunur ki, 1-ci sinif şagirdlərinə verilən ev tapşırıqlarının ümumi həlli üçün vaxt 1 saatdan artıq olmamalıdır: “2,3,4-cü siniflər üçün isə bu müddət 1 saat 30 dəqiqədən artıq olmamalıdır. Ölkədə təhsil proqramları həddən artıq çətin, dərsliklər isə həddən artıq ağırdır. Dərsliklərin əksəriyyəti xarici ölkələrin dərsliklərindən götürülmüş bərbad vəziyyətdə edilmiş tərcümələrdən ibarətdir. Müəllim peşəkarlığı o qədər aşağı səviyyədədir ki, tədris proqramlarını yerinə yetirə bilmir. Nəticədə əsas güc şagirdlər və valideynlərin üzərinə düşür. Yəni müəllim təhsil proqramını yerinə yetirmək üçün əlavə tapşırıqlar verir. Şagirdin gündəlik 3-4 saat repititor yanında məşğul olmağı azmış kimi, əlavə olaraq evdə də dərsləri ilə məşğul olmalıdır ki, proqramı çatdıra bilsin. Bu sistem Azərbaycan gəncinin və təhsilinin məhvinə aparan sistemdir. Bu proses illərdir davam edir. Nəticədə şagirdlərin fizioloji, həmdə psixoloji yükü artır. Şagird 10-12 yaşlarına çatdıqda artıq beyinləri yorulmuş olur. Buda bütöv bir nəslin kütləşməsinə gətirib çıxarır. Təhsil proqramları o qədər çətindir ki, ali təhsilli valideynlər belə ən sadə ev tapşırığının həllində öz övladına kömək edə bilmir. Sistem ona hesablanıb ki, bütün şagirdlər repititor yanına getsinlər”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə