Tanınmış mərakeşli professor BMU-da dərs deyəcək...

Bakı Mühəndislik Universitetində (BMU) Mərakeş Krallığından olan professor Hassan El Bari ilə onlayn görüş keçirilib.

SİA-nın məlumatına görə, BMU-dan bildirilib ki, görüşdə beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül, universitetin aidiyyəti üzrə əməkdaşları iştirak ediblər.

Tərəflər biotullantıların idarə olunması, bərpaedilən enerji və biotexnologiya sahələrində elmi-tədqiqat əməkdaşlığı imkanlarını müzakirə ediblər. Görüş zamanı, həmçinin müştərək elmi layihələrin hazırlanması, birgə nəşrlərin çapı, tələbə və tədqiqatçı mübadiləsi, eləcə də seminar və təlim proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub.

Professor Hassan El Bari öz elmi fəaliyyəti, beynəlxalq layihələri və tədqiqat istiqamətləri barədə məlumat verərək BMU ilə ortaq təşəbbüslərin həyata keçirilməsində maraqlı olduğunu bildirib. BMU-nun elmi və akademik mühitini yüksək dəyərləndirən professor birgə fəaliyyətin elmi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Görüş zamanı mərakeşli professor gələn semestrdən BMU-da onlayn dərslər keçməsi təklifini müsbət qiymətləndirib və razılığını ifadə edib. Həmçinin elm və təhsil sahəsində konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdən keçirilib.

Qeyd edək ki, professor Hassan El Bari biotullantıların idarə edilməsi, bioqaz texnologiyaları və dairəvi iqtisadiyyat sahələrində aparıcı tədqiqatçılardandır. Alim nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətində yer alıb və bir çox beynəlxalq layihələrdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə