Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkərlə görüşüb. AMEA-dan SİA-ya bildirilib ki, görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanla Türkiyə arasındakı sıx dostluq, qardaşlıq münasibətlərinə toxunub, bu gün bütün sferalarda olduğu kimi, elm sahəsində də iki qardaş ölkənin akademik qurumlarının əməkdaşlıq etdiyini deyib. AMEA ilə TÜBA arasında son illərdə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini, mütəmadi olaraq qarşılıqlı səfərlərin baş tutduğunu deyən akademik İsa Həbibbəyli bu il Türkiyə Elmlər Akademiyasının təşkilatçılığı ilə Ankarada AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə keçirildiyini xatırladıb, həm buna, həm də AMEA-nın yubiley yığıncağında iştirakına görə professor Müzəffər Şəkərə minnətdarlığını bildirib.
Hazırda iki dost qurumun qarşısında Türk dünyasının digər Elmlər Akademiyaları və akademik qurumları ilə birgə Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili ilə bağlı mühüm vəzifələrin dayandığını deyən akademik İsa Həbibbəyli bundan irəli gələrək bu günlərdə AMEA ilə TÜBA arasında “2026 Türkologiya Konqresi” çərçivəsində anlaşma memorandumunun imzalandığını xatırladıb.
Sonra çıxış edən TÜBA prezidenti professor Müzəffər Şəkər bir daha AMEA-nın rəhbərliyini, kollektivini və Azərbaycan alimlərini əlamətdar yubiley münasibətilə təbrik edib.
Son illərdə Türk Dövlətləri Təşkilatının yaratdığı yeni reallıq şəraitində Türk dünyası arasında elmi əməkdaşlığın yeni tarixi mərhələyə qədəm qoyduğunu deyən professor Müzəffər Şəkər XX əsrdə türk xalqlarının həmrəyliyinin nümayişi olmuş Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, TÜBA-nın bu istiqamətdə üzərinə düşəni edəcəyini söyləyib.
Görüş zamanı, həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB