Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin ( TCİB) 35 illik yubiley tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdində İncəsənət Gimnaziyasının xorunun ifasında Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad olunub.
Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov Cəmiyyətin yaranma tarixi, məqsədləri və 35 il ərzində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, cəmiyyətin əsas missiyası təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim və tələbələrin inkişafına dəstək göstərilməsi, eləcə də maarifçilik ənənələrinin gücləndirilməsidir. Murad Ağalarov, həmçinin gələcəkdə təhsildə innovativ yanaşmaların təşviqinin və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb.
Sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadəyə Təhsil Cəmiyyətinin müəllimlərin peşəkar inkişafına, tədrisin keyfiyyətinin artırılmasına və təhsil ictimaiyyəti arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrdən söz açıb. O, Elm və Təhsil Nazirliyi adından Təhsil Cəmiyyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra tarix elmləri doktoru, professor Fuad Məmmədov çıxış edərək, təhsilin mədəniyyətin əsas tərkib hissəsi olduğunu bildirib . O, Təhsil Cəmiyyətinin mədəniyyət və təhsil sahəsindəki roluna, eləcə də müəllim və tələbələrdə maarifçilik və maddi-mənəvi dəyərlərin formalaşmasındakı fəaliyyətinə toxunub. Fuad Məmmədov cəmiyyətin həm elmi, həm də mədəni təşəbbüslərinin təhsilin inkişafına verdiyi töhfələri, təhsilin inkişafında və maarifçilik ənənələrinin qorunmasında oynadığı rolu xüsusi vurğulayıb və belə tədbirlərin gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.
Tədbirdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Dil hazırlığı kafedrasının rəisi, polis polkovniki Elçin Orucov Akademiyanın rəisi general-mayor Canpolad Daanovun Təhsil Cəmiyyətinin 35 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin 35 illik yubileyinin Zəfər Günü ərəfəsinə təsadüf etdiyini xatırladıb. E.Orucov Cəmiyyətin fəaliyyətinin gənc nəslin formalaşmasında, vətənpərvərlik və vətəndaş məsuliyyəti kimi dəyərlərin aşılanmasında əhəmiyyətini nəzərə çatdırıb. Həmçinin gələcəkdə Polis Akademiyası ilə Təhsil Cəmiyyəti arasında əməkdaşlıq imkanlarının artırılması, birgə layihələrin təşkili və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni təşəbbüslərin keçiriləcəyinə ümid etdiyini bildirib.
Təhsil Cəmiyyətinin 1990-cı illərdə İdarə Heyətinin sədr müavini olmuş Ağalar Əliyevin çıxışında o dövrdə Cəmiyyətin fəaliyyəti, təhsil sahəsindəki təşəbbüsləri və tələbələrə verdiyi dəstək qeyd olunub, eləcə də Cəmiyyətin tarixi və davamlı inkişafının əhəmiyyəti vurğulanıb.
Sonra digər çıxışçılar Təhsil Cəmiyyəti haqqında fikirlərini bölüşüb, təbriklərini çatdırıblar.
Təhsil Cəmiyyətinin fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən qısa video təqdimat nümayiş olunub. Sonra tədbir bədii hissə ilə davam edib.
Sonda Təhsil Cəmiyyətinin fəal üzvlərinə fəxri fərmanlar, yeni üzvlərə isə vəsiqələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB