Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 50 illik yubiley tədbirləri çərçivəsində “Funksional analiz və tətbiqlərinin müasir problemləri” mövzusunda beşgünlük elmi vorkşop işə başlayıb. Vorkşop çərçivəsində Avstriyanın Qrats Texnologiya Universitetinin Riyaziyyat, fizika və geodeziya fakültəsinin dekanı professor Jussi Behrndt AzMİU-nun qonağıdır. AzMİU-dan SİA-ya bildirilib ki, vorkşopun açılışında professor Jussi Behrndt “Sinqulyar potensiallı diferensial operatorlar” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə funksional analizdə sinqulyar potensialların rolu, onların spektral nəzəriyyədə tətbiqləri, müasir elmi yanaşmalar və praktiki əhəmiyyətindən bəhs olunub. Vorkşop interaktiv müzakirə şəraitində keçib, iştirakçılar professorun beynəlxalq tədqiqat istiqamətləri və bu sahədə son elmi yeniliklərlə tanış olublar.
Vorkşop çərçivəsində professor Behrndt “Zəif əlaqəlilik fenomeni və dayanıqsızlıq”, həmçinin “Robin Laplasianlarının yeni sinfi” mövzularında məruzələr təqdim edəcək, AzMİU alimləri ilə birgə elmi müzakirələr aparacaq.
Qeyd edək ki, əsasən mühəndislik ixtisasları ilə seçilən AzMİU-da elmi tədqiqat potensialının artırılmasında tətbiqi elmlərin, xüsusilə də riyaziyyatın və funksional analiz istiqamətinin rolu böyükdür. Bu istiqamətdə keçirilən vorkşoplar universitetdə elmin tədrisə inteqrasiyası və gənc tədqiqatçıların inkişafı üçün mühüm elmi platforma yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB