ADA Universitetinin İxtisasartırma Proqramı tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “Xəzər hövzəsi araşdırmaları” proqramı keçirilib. Artıq bu il ikinci dəfə baş tutan proqramda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr nümayəndələri iştirak ediblər. Bu barədə SİA-ya ADA Universitetindən məlumat verilib.
Açılış tədbirində ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxış ediblər. Onlar bildiriblər ki, proqramın əsas məqsədi Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi olan ölkələrin diplomatlarını regional yeniliklərlə tanış etmək, onların Xəzər regionu üzrə biliklərini dərinləşdirmək və Azərbaycanın tarixi, siyasəti və inkişaf istiqamətləri haqqında daha dolğun təsəvvür formalaşdırmaqdır.
Diplomatlar ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin dekanı Azər Babayevlə yanaşı, digər professor-müəllim heyəti, habelə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə, XİN-in İqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev, Regional təhlükəsizlik idarəsinin rəisi Azər Musayev, SOCAR-ın İqtisadiyyat və enerji sektorunun təhlili departamentinin direktoru Əhməd Hümbətov və həmçinin digər dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparıblar.
Proqram çərçivəsində diplomatlar Milli Məclisə gedərək deputatlarla da maraqlı fikir mübadiləsi aparıblar.
Proqramın son günü Xarici İşlər Nazirinin müavini Samir Şərifov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ilə dəyirmi masa müzakirəsi ilə yekunlaşıb.
Həmçinin qonaqlar Ədibin Evini, Heydər Əliyev Mərkəzini, Xalça Muzeyini və paytaxtın digər mədəni və tarixi məkanlarını ziyarət ediblər.
Proqramın “Məzun günü”ndə 8 ölkəni təmsil edən 12 gənc və orta rütbəli diplomata sertifikatlar təqdim olunub. Sertifikatları ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva təqdim ediblər.
İştirakçılar qeyd ediblər ki, proqram çərçivəsində keçirilən sessiyalar onlara Azərbaycanı daha yaxından tanımaq, regionun geosiyasi və iqtisadi reallıqları barədə biliklərini genişləndirmək imkanı yaradıb.
Qeyd edək ki, ildə bir neçə dəfə keçirilən “Xəzər hövzəsi araşdırmaları” proqramında bu günə qədər 108 ölkədən 500-dən çox diplomat iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB