"Test imtahanında 1300 taksi sürücüsü tələb olunan şərtləri ödəyib"

Dövlət İmtahan Mərkəzi sentyabrın 23-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirib.

SİA-nın məlumatına görə, mərkəzdən bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biliblər. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1561 namizəd qeydiyyatdan keçib. Onlardan 1509 nəfəri imtahana gəlib. İmtahanın nəticələrinə əsasən, 1300 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası sentyabrın 24-25-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə