“Son illər Azərbaycanda müşahidə edilən təhsilə yanaşmada diqqətçəkən dəyişikliklərdən biri də repetitorluğa olan münasibətin məzmununun tamamilə dəyişməsidir. Repetitor yanına getmək əvvəllər bilik boşluğunun doldurulması, imtahanlara daha effektiv hazırlaşmaq məqsədi daşıyırdısa, bu gün bir çox ailələrdə bu proses sadəcə sosial status nümayişinə çevrilib. Uşaq məktəbdə kifayət qədər yaxşı oxusa da, heç bir ciddi ehtiyac yoxdursa belə, valideyn “hamı göndərir, mənim uşağım niyə geri qalsın” psixologiyası ilə onu repetitor yanına aparır. Bəzən bu addım sırf “biz də hazırlıqdayıq” demək üçün atılır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Bu, ilk baxışdan zərərsiz bir “trend” kimi görünsə də, əslində ciddi mənfi nəticələr doğurur. İlk olaraq bu yanaşma məktəbin əsas funksiyasını – təhsil vermək və şagirdi formalaşdırmaq funksiyasını zəiflədir. Şagird artıq məktəbi yox, repetitoru əsas sayır. Dərsdə diqqətsiz olur, tapşırıqları etinasız yerinə yetirir, çünki düşünür ki, əsas bilik qaynağı onsuz da məktəb deyil. Nəticədə məktəb müəllimi, xüsusilə də fənn müəllimi nüfuzunu itirir, özünü ikinci dərəcəli hiss edir. Sinifdə təlim-tərbiyə prosesi pozulur, pedaqoji məqsədlər arxa plana keçir.
Digər ciddi məsələ bu tendensiyanın psixoloji və sosial təsirləridir. Şagirdin istək və marağı nəzərə alınmadan repetitor yanına göndərilməsi onda təzyiq, yorğunluq və hətta təhsilə qarşı ikrah hissi yaradır. Uşaq ev-məktəb-repetitor marşrutunda fiziki və zehni olaraq əzilir. Onun oyun oynamaq, istirahət etmək, sosiallaşmaq üçün vaxtı olmur. Bu isə uşaqlıq çağının təbii inkişaf mərhələsinin pozulması deməkdir. ABŞ və Finlandiya kimi ölkələrdə aparılan tədqiqatlar göstərir ki, artıq yüklənmə uşaqlarda erkən yaşda tükənmişlik sindromuna səbəb ola bilər. Yəni, uşaq öyrənməkdən bezir və bu bezginlik həyat boyu davam edir.
Digər tərəfdən, repetitorluğun bu cür “dəblə” yayılması ailələr üçün ciddi maliyyə yükünə çevrilib. Azərbaycanda bir repetitorun aylıq qiyməti orta hesabla 100-300 manat arasında dəyişir. Hər fəndən ayrıca hazırlığa gedən bir şagird üçün bu rəqəm ayda 500-600 manat civarına qalxa bilir. Ailə büdcəsinin mühüm hissəsi bu prosesi davam etdirməyə sərf olunur. Əgər evdə bir neçə məktəbli varsa, bu yük daha da artır. Maraqlıdır ki, bəzən bu xərclər heç bir real nəticə vermir. Sadəcə o “biz də hazırlıqa gedirik” imici qorunur. Halbuki həmin məbləğlə uşaq üçün kitablar, əlavə dərs vəsaitləri, psixoloji dəstək və ya inkişafetdirici kurslar alınması daha effektiv ola bilərdi.
Repetitorluğun bu şəkildə yayılması təhsil sistemində statistik göstəricilərə də təsir göstərməkdədir. 2004-cü ildə qəbul imtahanında iştirak edənlər arasında apardığım sorğunun məlumatına əsasən, ali məktəbə yüksək balla qəbul olunan abituriyentlərin 98%-i məktəbə paralel olaraq repetitor yanına getmişdir. Bu isə göstərir ki, məktəb təkbaşına imtahan hazırlığı üçün artıq effektiv sayılmır. Bu yanaşma məktəbin missiyasını kölgədə qoyur. Halbuki inkişaf etmiş ölkələrdə – xüsusilə Finlandiya, Estoniya və Yaponiya kimi təhsil sistemində nüfuzlu ölkələrdə – repetitorluq ancaq xüsusi hallarda tətbiq olunur və heç vaxt əsas təhsil forması kimi qəbul edilmir. Orada məktəbdəki müəllim və dərs prosesi uşağın əsas bilik mənbəyi kimi qiymətləndirilir.
Bu gedişat davam edərsə, məktəb artıq formal bir müəssisəyə çevriləcək – yalnız sənəd, qiymət və iştirak üçün orada olacaqlar. Əsas təhsil isə məktəbdən kənarda, paralel bir sistemdə – repetitor evlərində davam edəcək. Bu isə ölkədə təhsil sisteminin bütövlüyünü parçalayır, müəllim peşəsinin nüfuzunu sarsıdır, sosial bərabərliyi pozur. Çünki repetitor imkanından yalnız müəyyən maliyyə imkanları olan ailələr yararlana bilir.
Sonda belə çıxır ki, dəbə uyğunlaşmaq naminə atılan bu addımlar nə uşağın psixoloji sağlamlığına, nə təhsilin keyfiyyətinə, nə də cəmiyyətin gələcəyinə xidmət edir. Təhsili dəb deyil, ehtiyac və hədəf yönəldməlidir. Repetitor yanına getmək uğura aparan yol yox, məktəbə olan etimadsızlığın əlamətidir. Həmin etimadı bərpa etmədikcə, nə repetitorlar, nə qiymətlər, nə də dəblər bizi real uğura aparmayacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə