İmtahan sualların çətinlik dərəcəsi keçid ballarına necə təsir edəcək? - EKSPERT AÇIQLADI
Dövlət İmtahan Mərkəzinin I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı artıq geridə qaldı və minlərlə abituriyent indi həyəcanla nəticələri gözləyir. İlk rəylər imtahanın bütövlükdə əlçatan olduğunu göstərsə də, bəzi fənlərdəki suallar abituriyentləri xeyli tər tökməyə məcbur edib. Hər kəsi düşündürən əsas məsələ isə budur: Bu nəticələr keçid ballarına necə təsir göstərə bilər? Hansı ixtisaslarda bal dəyişiklikləri daha çox ola bilər?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi I və IV ixtisas qrupları üzrə imtahanlar, müşahidə olunduğu kimi, sakit keçdi, gərginlik yaşanmadı:
“Artıq həm sosial şəbəkələrdə, həm abituriyentlər, həm fənn müəllimləri, həm də kurs müəllimləri və repetitorlar imtahanı çox sakit qarşıladılar. Çünki nəhayət, kurikulum standartlarına uyğun bir imtahan keçirildi. Əsas məsələ ondan ibarətdir ki, ali təhsil müəssisələrinə qəbul qaydalarına görə həm buraxılış, həm də blok imtahanlarının nəticələri birlikdə hesablanır və seçim həmin nəticələr əsasında aparılır.
Birinci mərhələdə buraxılış imtahanları o qədər çətin oldu ki, bu, növbəti mərhələlər üçün blok imtahanlarının nəticəsindən asılı olmayaraq keçid ballarına təsir göstərəcək. Çünki hər iki imtahanın nəticəsinə əsasən seçim imkanı yaranırsa, buraxılış imtahanlarında nəticələrin aşağı olması ümumi keçid ballarına da təsir edəcək.
Mən hesab edirəm ki, bütün ixtisaslar üzrə keçid ballarında ən azı 20–30 bal fərq olacaq. Bəzi ixtisaslarda bu fərq daha az və ya daha çox ola bilər. Ümumilikdə mənzərə onu göstərir ki, ali təhsil müəssisələrinə qəbul ötən illə müqayisədə bir qədər fərqli olacaq. Heç kim arxayın olmamalıdır.
Plan yerləri əvvəlki illərdə olduğu qədərdir, hətta müəyyən qədər artırılması da gözlənilir. Ümumilikdə hər il qəbul olunan say qədər tələbə qəbul ediləcək. Sadəcə, fərq ondan ibarət olacaq ki, abituriyentlər hansı ballarla qəbul olunacaqlar.
Ötən illə müqayisədə qəbul ballarının bir qədər aşağı olacağını düşünürəm. İkinci cəhd imtahanlarında da, adətən olduğu kimi, abituriyentlər ballarını artırmaq üçün iştirak edəcəklər. Bəziləri 20–30 bal və ya daha artıq nəticə əldə etməyə çalışacaqlar. Bu cəhdlərin müəyyən fayda verəcəyini düşünürəm.
Lakin proqnozum budur ki, bu il maksimum nəticə göstərən, yəni 700 bal toplayan abituriyentlərin sayı bir və ya iki nəfər olacaq. Bu rəqəmin beş nəfərə çatacağını düşünmürəm. Ötən illərlə müqayisədə yüksək nəticə göstərənlərin sayı daha az olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB