“Paşinyan seçkilərdə qalib gəldi, lakin parlamentdə güclü müxalifətlə üzləşə bilər” -POLİTOLOQ DANIŞDI
“Ermənistanda keçirilən parlament seçkilərində səslərin 100 faizi hesablanıb. Nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,81 faiz səs toplayaraq qalib gəlib və parlamentdə ən böyük fraksiya statusunu qoruyub”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, seçkilərin yekun nəticələrinə görə, yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq. “Vətəndaş Müqaviləsi” Partiyası 64 mandat əldə edib:
”Rusiyalı erməni iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası 29 mandat, sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 12 mandat qazanıb.
Qagik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası 3,99 faiz səs topladığı üçün parlamentə düşə bilməyib.
Mövcud mandat bölgüsü Nikol Paşinyana təkbaşına hökumət formalaşdırmaq və adi qanunları qəbul etmək imkanı versə də, ekspertlər hesab edirlər ki, parlamentdə formalaşacaq müxalif qüvvələr hakimiyyət üçün müəyyən çətinliklər yarada bilər.
Xüsusilə Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvə ilə Robert Köçəryanın blokunun ortaq mövqedən çıxış etməsi parlamentdə güclü müxalif platformanın yaranmasına səbəb ola bilər. Bu isə Konstitusiya islahatları, Azərbaycanla sülh sazişi, Türkiyə ilə münasibətlərin normallaşdırılması və Ermənistanın xarici siyasət kursu ilə bağlı məsələlərdə hakimiyyətə əlavə təzyiqlər yarada bilər.
Müşahidəçilərin fikrincə, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi məsələsi yaxın dövrdə ölkənin siyasi gündəminin əsas mövzularından biri olaraq qalacaq. Bu məsələ həm daxili siyasi proseslər, həm də regionda formalaşan yeni geosiyasi reallıqlarla əlaqələndirilir. Azərbaycan da Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsini sülh prosesinin vacib elementlərindən biri hesab edir.
Analitiklər qeyd edirlər ki, parlamentdə qüvvələr nisbəti yaxın aylarda Ermənistanın siyasi kursuna ciddi təsir göstərə bilər. Xüsusilə Samvel Karapetyan və Robert Köçəryanın gələcəkdə vahid mövqe nümayiş etdirib-etdirməyəcəyi ölkədaxili siyasi proseslərin inkişafında mühüm rol oynayacaq.
Nikol Paşinyan ilk mərhələdə müxalifətin fəaliyyət taktikasını müşahidə edəcək. Hakimiyyətin qarşıdakı dövrdə həm siyasi, həm də hüquqi alətlərdən istifadə etməklə mövqelərini qorumağa çalışacağı istisna edilmir. Eyni zamanda, iqtidarın müxalif qüvvələrin vahid cəbhədə birləşməsinin qarşısını almaq üçün siyasi manevrlərə əl ata biləcəyi də ehtimal olunur.
Seçkilərdə qələbə qazansa da, Nikol Paşinyanı qarşıdakı dövrdə həm daxili siyasi rəqabət, həm də regionla bağlı strateji məsələlər üzrə mürəkkəb siyasi proseslər gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB