Dünya Bankı: İran müharibəsi qlobal iqtisadi artımı pandemiyadan indiyə qədər ən aşağı səviyyəyə endirə bilər
Dünya Bankının 12 iyunda dərc etdiyi hesabatda bildirilir ki, İran müharibəsi qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən zəif səviyyəyə endirə bilər. Qurum xəbərdarlıq edir ki, münaqişənin daha da genişlənməsi iqtisadi göstəricilərin əlavə pisləşməsinə səbəb ola bilər.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hesabata əsasən, 2026-cı ildə qlobal iqtisadi artımın 2,5 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2025-ci ildə qeydə alınan 2,9 faizdən aşağıdır.
Dünya Bankı açıqlamasında: "Hərbi əməliyyatların yenidən kəskinləşməsi və ya əmtəə tədarükündə uzunmüddətli fasilələrin yaranması enerji və xammal qiymətlərinin artmasına, inflyasiya təzyiqlərinin güclənməsinə, ərzaq təhlükəsizliyinin zəifləməsinə və maliyyə bazarlarında gərginliyin artmasına səbəb ola bilər. Bu amillər isə qlobal iqtisadi artımı daha da zəiflədə bilər.
Qurumun qiymətləndirməsinə görə, enerji təchizatında gözləniləndən daha ciddi pozuntular yaranarsa və bu proses maliyyə sektorunda ciddi problemlərlə müşayiət olunarsa, 2026-cı ildə qlobal iqtisadi artım cəmi 1,3 faizə qədər enə bilər".
Hesabatda vurğulanır ki, Hörmüz boğazında gəmiçiliyin faktiki olaraq dayanması fonunda neft, qaz və gübrə qiymətlərində kəskin artım müşahidə olunur.
Dünya Bankının proqnozlarına görə, İran müharibəsinin təsiri nəticəsində inkişaf etməkdə olan bütün iqtisadiyyatlarda artım tempi 2025-ci illə müqayisədə zəifləyəcək. Çin və Hindistan istisna olmaqla, inkişaf etməkdə olan ölkələrdə adambaşına düşən gəlirin pandemiyadan əvvəlki səviyyəyə yalnız 2028-ci ildən sonra qayıdacağı gözlənilir.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB