17 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri arasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi “Code For Future” layihəsi çərçivəsində “Code Craft Challange” fəaliyyəti baş tutub. Fəaliyyət “Alqoritmika“ əməkdaşlarınin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Veb proqramlaşdırma” və “QA-mühəndisliyi” üzrə təhsil alan 36 tələbə arasında keçirilib.
“Code Craft Challange” fəaliyyətinin əsas məqsədi hər iki kursun tələbələrini gələcək peşə fəaliyyətində qarşılaşa biləcəkləri risk və çətinlikləri asanlıqla həll etmə təcrübəsini real situasiyalar vasitəsilə tanış etməkdir. Belə ki, fəaliyyət zamanı “Veb proqramlaşdırma” kursunun tələbələri əvvəldən verilən şərtlər əsasında veb-səhifə hazırlayıb. Hazırlanan veb-səhifə anonim formatda QA kursunun tələbələrinə yönləndirilib. Onlar verilmiş veb-səhifəni şərtlərə uyğun test edib alınan nəticələri müəllimlərlə bölüşüblər. Daha sonra təşkilatçılar veb-səhifədə QA kursunun tələbələri tərəfindən aşkarlanan səhvləri “Veb proqramlaşdırma” kursunun tələbələrinə təqdim ediblər. Sonda isə aşkarlanan səhvlər üzərindən veb-səhifədə dəyişikliklər edilib. Bununla onlar iş mühitində iki şöbə arasında iş prosesinin necə aparıldığını təcrübə ediblər. “Code Craft Challange” fəaliyyəti müəllimlər və tələbələr arasında böyük marağına səbəb olub. Bu fəaliyyət vasitəsi ilə onlar, gələcək iş mühitinə hazırlıq istiqamətində real təcrübə əldə ediblər. Qeyd edək ki, “Code For Future” layihəsi çərçivəsində həyata keçirilən kurslarda iştirak edən tələbələr üçün onların daha effektiv təhsil alması, gələcək iş mühitinə hazırlanması və layihəyə marağın artırılması istiqamətində mütəmadi olaraq tədbir və fəaliyyətlər həyata keçirilir.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə