Məktəbli formalarında yenidən fərqlilik olacaq? - DİQQƏT! - MÜSAHİBƏ-FOTOLAR

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formaları ilə bağlı qərar təsdiq edilib. Lakin ötən il bu qərar tam şəkildə tətbiq edilə bilmədi və məktəblərdə yalnız aşağı siniflər üçün formalar hazırlandı. Bəs bu il necə, məktəbli formalarının tikilməsi prosesi başa çatıb? SİA Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov ilə müsahibəni təqdim edir:

- Bu il məktəbli formaları necə olacaq, hansı dəyişikliklər edilib?

- Məktəbli formalarının rəngi və forması ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Hazırda ağ, mavi tonlarda olan formalarımız var, eyni zamanda açıq və tünd qəhvəyi rəngdə də formalar tikiləcək. Keçən il qərarın gec verilməsi səbəbi ilə formalar daha az istehsal olundu. Buna görə də yuxarı siniflərə forma çatmadı. Bu il isə artıq qışdan hazırlıq görülüb və parçalarımız var. Hesab edirəm ki, bu il heç bir forma çatışmazlığı ilə qarşılaşmayacağıq, çünki parça ehtiyatımız yetərlidir.

- Formaların keyfiyyəti necədir? Hansı material parçalardan istifadə olunur?

- Məktəbli formalarının modeli Mədəniyyət və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Formalar polo köynəklər və qızlar üçün qabağı “sklatka” ətəklərdən ibarətdir. Parçaların keyfiyyətinə isə söz ola bilməz, köynəklərin materialı 100 faiz pambıqdır. Ümumiyyətlə parçalar Türkiyə və Belarusiyadan gətirilib.

- Formaların nə zamana satışa çıxarılması nəzərdə tutulub? Qiymət neçiyədir?

- Hazırda Bakı Tikiş Evi açıqdır və formalarımız hazırdır. İndidən gəlib formaları alan vətəndaşların sayı da çoxdur. Çünki bu məlum məsələdir ki, sentyabrda növbənin olması qaçınılmaz olacaq. Lakin forma çatışmazlığı olacağını zənn etmirəm, lazımi qədər parçamız var və formaların tikilməsinə davam edilir.
Köynəklər 15 azn, şalvar və ətək isə 25 azn təşkil edir”.

- Bakı Tikiş Evi ilə yanaşı əlavə satış mərkəzləri olacaq?

- Ötən il məhsul qıtlığına görə mərkəzi açmadıq. Bu il isə Mərdəkan, Qaradağ, “20 Yanvar”, “Əhmədli” metrosunun çıxışında mağazalar açılacaq. Bununla da uzaq qəsəbələrdə yaşayan vətəndaşlar rahatlıqla özlərinə yaxın ərazilərdən məktəbli formasını əldə edə biləcək. Eyni zamanda rayonlarda da mağazalar açılacaq. Hazırda İsmayıllı rayonunda mağazamız fəaliyyət göstərir. Bundan əlavə Şəki, Qəbələ, Quba və bir neçə başqa rayonlarda da satış mərkəzlərimiz olacaq.

- Tikilən formalar bütün 11 illik orta təhsil sistemini əhatə edir, yoxsa fərqliliklər olacaq?

- Məktəblər özləri hansı rəng forma geyinəcəklərinə qərar verirlər. Seçilmiş forma üç il geyinilə bilər, daha sonra məktəb formanın rəngin dəyişdirmək istəyərsə, bu da mümkün olacaq. Məktəbli formaları 1-ci sinifdən 11-ci sinfə qədər eyni modeldə olacaq, heç bir fərqlilik yoxdur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə