Ulu öndər Heydər Əliyev və Azərbaycan təhsili - ŞƏRH

Ulu öndər Heydər Əliyev və Azərbaycan təhsili - ŞƏRH

Ümummilli lider Heydər Əliyevin vəfatından 20 il ötür. Heydər Əliyevin 40 ilə yaxın davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heç də təsadüfi deyil ki, XX-ci əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında Ulu Öndərin sayəsində elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir. Heydər Əliyev çıxışlarının birində qeyd edib ki, “XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir”. Çünki dahi rəhbərin sayəsində minlərlə azərbaycanlı gəncləri SSRİ-nin ən aparıcı ali məktəblərinə təhsil almağa göndərilmişdi və sonra onlar yüksək mütəxəsis kimi respublikamıza qayıtdılar.

Bütün sahələrdə özlərini doğrultdular. Dahi Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışından sonra elm və təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərdi. Ulu öndər Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və uğurla həyata keçirilməsi vəzifəsini dahi rəhbər israrla irəli sürdü.

Elə həmin vaxtdan da bütövlükdə məmləkətimizin hər yerində olduğu kimi Sumqayıtda da təhsil yüksək səviyyədə dirçəldi. Bu gün Sumqayıt təhsili respublikanın ən aparıcı təhsil müəssisələrindən biri olub.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı illərdə, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edilib. Bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz dahi Heydər Əliyev idi. Onun müdrik daxili və xarici siyasəti, yaratdığı sabitlik təhsilin inkişafına əlveişli zəmin yaradıb. Böyük liderimiz Heydər Əliyev müstəqil Azərbaycanda bütün sahələrdə olduğu kimi milli təhsil quruculuğu sahəsində də islahatın memarı və qurucusu idi. Onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində tənəzzülün, depressiyanın qarşısını almağa imkan verdi. Beləliklə, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yarandı.

Bu gün iftixarla demək olar ki, xalqımızı müstəqil inkişaf yoluna hazırlayan bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində qazanılan böyük nailiyyətlərdə də Ümummilli lider missiyasını, aradakı kiçik fasilə istisna edilməklə, XX əsrin 30 ildən artıq bir dövrünü öz qüdrətli çiyinlərində uğurla üçüncü minilliyə daşımış böyük şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri var. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər çox böyük uğurla görülür.

Biz tam əminik ki, müasir Azərbaycan təhsili özünün zəngin tərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq, milli təhsil quruculuğu sahəsində başladığı lazımi islahatları başa çatdıraraq, təhsil islahatlarının memarı və qurucusu Heydər Əliyevin müdrik tövsiyələri bu gün də onun davamçısı, cənab prezidentimiz İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Müasir Azərbaycanın ideya müəllifi, memarı və qurucusu Heydər Əliyev uşaqları çox sevirdi, onlara inanırdı və onları gələcək Azərbaycanın qurucuları kimi görürdü. Çox sevindirici haldır ki, bu günkü gənclər onun arzularını lazım olan kimi reallaşdırırlar. Təhsillə bağlı dünya Olimpiadalarında ən yüksək yerləri tuturlar. Bunların içərisində sumqayıtlı gənclər də var.

Biz də bağçamızda müəllimlərimizin böyük zəhməti nəticəsində uşaqları məktəblərə lazım olan səviyyədə hazırlayırıq. Axı bu uşaqlar dahi rəhbərimiz deyən kimi, “bizim gələcəyimizdir. Sabahkı Azərbaycanın qurucuları və məmləkətimizi dünyada tanıdan insanlarıdır”.

Dünyanın elə bir dahi rəhbəri yoxdur ki, təhsillə bağlı bu qədər kəlam, aforizm desin. Bu insan yalnız və yalnız Heydər Əliyev olub. Mən bu yazımda həmin kəlamları və aforizmləri yada salmaq istəyirəm:
Təhsil millətin gələcəyidir.
Mən dünyada müəllimdən yüksək ad tanımıram.
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.
Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır.
Müəllimlik sənəti şərəfli bir sənətdir.
Bizdə təhsil çox inkişaf edib. Azərbaycanda, demək olar ki, təhsil almayan adam yoxdur.
Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.
Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.
Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görəmüəllimə borcluyuq.
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsəridir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq.

İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.
Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.
Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına
sadiq vətəndaş olsun.
...Mən məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam.. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir...
Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir.
Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır,
ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...
Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.
Görürsünüzmü? Xalqımızın əbədiyaşar Prezidenti Heydər Əliyevin bu kəlamları və aforizmləri onun başqa ideyaları kimi əbədilik yaşayacaq. Nə qədər Azərbaycan xalqı olacaq və bunlar da xalqımızın yaddaşında əbədi qalacaq.

Ruhiyyə Zakir qızı Məhərrəmova,
Sumqayıt şəhər 45 saylı körpələr evi-uşaq bağçasının müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə