Saqqal saxlanılmasına qadağa tətbiq edilir? - EKSPERT DANIŞDI

Saqqal saxlanılmasına qadağa tətbiq edilir? - EKSPERT DANIŞDI

"Ali təhsil müəssisələrində konkret olaraq tələbələrin davranışını tənzimləyən universitet daxili qaydalar mövcuddur. Bu qaydalar vasitəsilə tələbələrlə yanaşı, universitet heyətinin davranışları da tənzimlənir. Hər bir müəssisənin bu istiqamətdə, davranışları tənzimləyən qaydalarının olması vacibdir. Lakin məhz xarici görünüş, məsələn saqqal saxlanılmasına qadağa ilə əlaqədar konkret qaydaların olması ilə bağlı məlumat yoxdur. Bu hal yalnız xüsusi təyinatlı təhsil müəssisələrinə aid ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, burada söhbət təkcə ali təhsil müəssisələri deyil, orta təhsil müəssisələrindən də gedir: "Ümumilikdə orta məktəblərdə də daxili nizam-intizamı tənzimləyən qaydaların olması vacib şərtdir. Bu isə təbii ki, hər hansı fərdin hüquqlarının pozulması kimi xarakterizə edilə bilməz.

Əgər Avropada bir professor dərsə şortla gəlirsə, bu Azərbaycanda da belə olmalı deyil. Düzdür, özünü çoxbilmiş hesab edən bəzi şəxslər bunun tərəfdarıdırlar. Lakin Azərbaycan cəmiyyətinin özünün milli dəyərlərinin, qayda-qanunlarının olduğunun və bunların da Avropa mədəniyyətindən fərqli olmasını anlamaq laızmdır. Biz Avropa və digər ölkələrin yaxşı təcrübələrini ölkəmizə daşımalıyıq. Azərbaycanın, xalqımızın formalaşdırdığı milli dəyərlərə zərər yetirə bilmərik, ali və orta təhsil müəssisələrində nizam-intizam qaydaları buna uyğunlaşdırılmalıdır".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə