Təhsil tariximizdə İrəvan Müəllimlər Seminariyasının rolu - MÜSAHİBƏ
Qərbi Azərbaycan İcmasının üzvü, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyevin SİA-ya müsahibəsini təqdim edirik:
- İrəvanda ilk qəza məktəblərinin təşkili prosesindən məlumat verə bilərsiniz?
- XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi proseslər müxtəlif sahələrdə olduğu kimi, təhsil və məktəb sahəsində də yeni meyillərin yaranmasına səbəb oldu. Artıq məscidlərin nəzdində fəaliyyət göstərən mollaxanalar və mədrəsələr getdikcə tənəzzülə uğrayır, yerini dünyəvi məktəblərə verməyə məcbur olurdu.
Cənubi Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra həyatın bütün sahələri onun tərəfindən idarə olunmağa başladı. 2 avqust 1829-cu ildə Rusiya Maarif Nazirliyi “Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında” qərar qəbul etdi. Cənubi Qafqazda öz ideoloji və siyasi maraqlarını təmin etmək üçün qəbul edilmiş həmin qərarda qəza məktəblərinin yaranması və ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdı. Qərarda 1830-cu ildə başqa şəhərlərlə yanaşı, İrəvanda da 100 şagirdlik qəza məktəbinin açılması nəzərdə tutulsa da, həmin il bunun həyata keçirilməsi mümkün olmamışdır. Araşdırmalardan məlum olur ki, İrəvanda ilk qəza məktəbinin 1831-ci ilin mart-oktyabr aylarında açılmasına yenə də ciddi səy göstərilmiş, hansısa səbəblərdən gerçəkləşdirilməmişdir. Belə ki, müəyyən səylərdən sonra İrəvanda ilk qəza məktəbi 14 yanvar 1832-ci ildə açılmışdır.
XIX əsrin 70-ci illərindən başlayaraq Çar Rusiyası tərəfindən Cənubi Qafqazda qəza məktəblərinin təşkili prosesinin sürətləndirilməsi və onların sayının getdikcə artması həmin təhsil müəssisələrində müəllim kadrlarına olan tələbatın aradan qaldırılması üçün çar hakimiyyəti Cənubi Qafqazda pedaqoji kadrlar hazırlayan müəllim seminariyalarını təşkil etməyə başladı. Rusiya Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına əsasən yaradılan bu tip təhsil müəssisələrindən biri də 2021-ci ildə 140 ili tamam olan, təhsil tariximizdə əhəmiyyətli dərəcədə böyük rol oynamış, şərəfli bir yol keçmiş İrəvan Müəllimlər Seminariyasıdır.
- Bəs, İrəvan Müəllimlər Seminariyasının açılması üçün hansı tədbirlər həyata keçirildi?
- 1891-ci ildə Tiflisdə nəşr etdirilən “Qafqaz təhsil dairəsinin sərəncamları” adlı məlumat kitabında Qafqaz dairəsinin 17 iyul 1881-ci ildə verdiyi 3651 nömrəli sənəd vardır ki, həmin sənəd İrəvan şəhərində müəllimlər seminariyasının açılması barədə Cənubi Qafqazın Baş Maarif İdarəsinə göndərdiyi izahatdır. Həmin izahatda qeyd edilir ki, Rusiya Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli sərəncamını nəzərə alaraq, 1881-ci ilin ikinci yarısı üçün İrəvan Müəllimlər Seminariyasına 14.175 min rubl vəsait ayrılmışdır. 1882-ci il üçün bütöv ştat məsrəfi olaraq 28.350 rubl vəsait nəzərdə tutulmuşdur.
Rusiya Dövlət Şurasının qərarından 1 il sonra 8 noyabr 1881-ci ildə İrəvanda ilk müəllim kadrları hazırlayan təhsil müəssisəsi - İrəvan Müəllimlər Seminariyası açıldı. Görünür, seminariyanın açılmasını ləngidən əsas səbəblərdən biri tədris binasının olmaması idisə, digər səbəb isə müəllim və tələbələrin təhsil ocağına cəlb edilməsi problemi ilə bağlı idi.
Seminariya fəaliyyətə başladığı ilk vaxtlarda bir sıra çətinliklərlə üz-üzə qalmışdı. İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladığı ilk dövrdə tədris prosesi üçün lazımi səviyyədə əlverişli şəraiti olmayan, illik icarə haqqı 5 min rubl olan birmərtəbəli binada yerləşmişdi. Binanın qapısının üzərindən kiçik bir lövhə asılmışdı ki, həmin lövhənin üzərində də əski ərəb əlifbası ilə bu sözlər yazılmışdı: “Əcəb səadətə çatdıq görüb əsl səidi, bu zülmət içrə göründü gözə “Ziyayi-Rəşidi”.
İrəvan Müəllimlər Seminariyası 1905-ci ildə İrəvanın Daşlı küçəsində inşa edilmiş ikimərtəbəli binaya köçmüşdü.
- Seminariyanın fəaliyyətini necə dəyərləndirmək olar? Kimlər fəaliyyət göstərirdi?
- Seminariyanın ilk fəaliyyət dövrünə nəzər saldıqda, məlum olur ki, cəmi 11 nəfər heyətlə - onlardan 9-u müəllim, 42-si isə şagird olmaqla fəaliyyətə başlamışdır. İrəvan Müəllimlər Seminariyasının ilk direktoru Yakob Stepanoviç Suşevski təyin edilmişdir. Qriqori Qəmbərov ilahiyyət (pravoslav), Axund Məhəmmədbağır Qasızadə ilahiyyat (islam) və Azərbaycan dilini, Andrey Anastasoviç Karamosko və İvan Avetisoviç Tamamşev rus dilini, Adolf Osipoviç Rayteman gimnastika, Karl Bazileviç və Emiley Karl Bayor musiqi fənnini tədris etmişdir. Seminariyada digər iki müəllim də fəaliyyət göstərmişdir. Mixail Aloizov Porçinski isə həkim kimi çalışmışdır. Karl Bazileviç musiqi fənnini tədris etməklə yanaşı, eyni zamanda, seminariyada kargüzar vəzifəsində də çalışmışdır.
Müxtəlif vaxtlarda Yakob Stepanoviç Suşevski, Aleksey Miropiyev, İvan Andreyeviç Pasyuteviç, Aleksey Martinov Zazuboviç, Sergey Nikolayeviç Streleçki, Valentin Vasilyeviç Dobrotin İrəvan Müəllimlər Seminariyasının direkoru olmuşlar. Adlarını qeyd etdiyimiz bu şəxslərin bəziləri müxtəlif vaxtlarda həm Zaqafqaziya Müəllimlər Seminariyasının, həm də İrəvan Müəllimlər Seminariyasının direktoru olmuşdular.
İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladığı ilk gündən Azərbaycan şöbəsinin müdiri dövrünün görkəmli alim və pedaqoqu Axund Məhəmmədbağır Qazızadə olmuşdur. Seminariyada Azərbaycan məktəbləri üçün müəllim kadrların hazırlanmasında onun böyük xidmətləri olmuşdur. Universal intellektə malik olan Axund Məhəmmədbağır Qasızadə təkcə çalışdığı seminariyada, yaşadığı İrəvanda deyil, Yaxın Şərqdə böyük nüfuza malik idi. O bütün ömrünü, bilik və bacarığını İrəvanda azərbaycanlı müəllim kadrların hazırlanmasına, anadilli məktəblərin yaradılmasına, milli oyanışa sərf etmişdir. Onun seminariyada Azərbaycan dili və şəriət dərslərinin yüksək səviyyədə keçirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, azərbaycanlı gənclərin seminariyaya və başqa yeni tipli məktəblərə, təhsilə, elmə cəlb edilməsində misilsiz xidmətləri olmuşdur. O seminariyada fəaliyyətə başladığı gündən - 1881-ci ildən Azərbaycan dilini, ilahiyyət fənnini, 1888-ci ildən 1911-ci ilin sonlarına qədər isə ilahiyyat fənnini tədris etmişdir.
1897-ci ilin sonlarından başlayaraq 1902-ci ilə qədər seminariyada Rəhim Musarza oğlu Xəlilov, 1902-ci ildən 1907-ci ilin oktyabr ayının 23-dək Həmid bəy Şahtaxtinski, 1907-ci ildən 1918-ci ilədək isə Mirzə Cabbar Məmmədzadə Azərbaycan dili fənnini tədris etmişdilər. Seminariyanın hazırlıq sinfində bir müddət Məhəmməd Axundov ilahiyyət fənnindən dərs demişdir. 1908-1909-cu illərdə Seminariyada bədən tərbiyəsi dərslərini Cümhuriyyət dövründə general rütbəsinə kimi yüksəlmiş görkəmli hərbi xadim Həbib bəy Səlimov tədris etmişdir. Onu da qeyd edək ki, adlarını qeyd etdiyimiz müəllimlər həm də İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşdu.
- Müəllimlər Seminariyası azərbaycanlı məzunlar yetişdirirdimi?
- İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il seminariyanı bitirən məzunlardan 5-i azərbaycanlı idi. Ümumiyyətlə, seminariya fəaliyyət göstərdiyi 37 il ərzində 70-dən artıq azərbaycanlı müəllim kadrları hazırlamışdı. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, maarifinin, ictimai-siyasi mühitinin bir çox görkəmli nümayəndələri Mirzə Cabbar Məmmədzadə, Həbib bəy Səlimov, Həmid bəy Şahtaxtinski, İbadullah bəy Muğanlinski, Tağı bəy Səfiyev, Fəraməz bəy Mahmudbəyov, Saleh bəy Güllüçinski, Cəlil Mirzəyev, Haşım bəy Vəzirov, Rəşid bəy İsmayılov, Həsən Səfərli, Məmməd bəy Qazıyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, Əhməd Haşımov, Cəfər bəy Cəfərbəyov, Əli İbrahimov, Şəmdi bəy Mahmudbəyov, Heydər Vəzirov, Əhməd bəy Qaziyev, İbrahim Səfiyev, Həsən Nəsirbəyov, Sadıq Xəlilov və bir çox başqaları həmin seminariyada təhsil almışdılar. 1918-ci ilə qədər və eləcə də azərbaycanlılar yaşayan müxtəlif şəhərlərdə, kəndlərdə fəaliyyət göstərən ibtidai məktəblərin əksəriyyəti İrəvan Müəllimlər Seminariyasının məzunları tərəfindən təsis edilmişdi. Ümumiyyətlə, milli maarifimizin inkişafında həmin müəllimlərin misilsiz xidmətləri olmuşdur.
- İrəvan Müəllimlər Seminariyası öz fəaliyyətini nə zaman dayandırmışdır?
- 1915-ci il yanvar ayının əvvəlində Çar Maarif Nazirliyinin əmri ilə müvəqqəti olaraq Şimali Qafqazın Armavir şəhərinə köçür. Seminariyanın nəzdində fəaliyyət göstərən ibtidai məktəb isə fəaliyyyətini əvvəlki kimi İrəvanda davam etdirirdi. Seminariya Armavir şəhərinə köçdükdən sonra Axund Əbülhəsən Qazızadə və Mirzə Cabbar Məmmədzadə də pedaqoji fəaliyyətini orada davam etdirməli olurlar. 1916-cı ilin may ayında seminariya yenidən İrəvan şəhərinə köçmüşdür. Təhsil tariximizin şərəfli bir səhifəsini təşkil edən İrəvan Müəllimlər Seminariyası 1918-ci ildə fəaliyyətini dayandırmışdır.
29 noyabr 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti quruldu. Başqa respublikalarda olduğu kimi burada da məktəb və maarif probleminə münasibət dəyişir, məktəblərin dövlət ixtiyarına keçməsi köhnə tipli məktəblərin ləğv edilməsi, yeni tipli sovet məktəblərinin təşkil edilməsi haqqında qərar qəbul edildi. Beləliklə, azərbaycanlı məktəblərinin də yeni məzmunda təşkili istiqamətində ilk addımlar atıldı. Milli dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi və idarə edilməsi, orada təhsil alan şagirdlərin sayının sürətlə artması müəllim kadrlarına olan tələbatı daha da artırırdı.
- Bəs, bu tələbatı ödəmək üçün hansı addımlar atıldı?
- Müəllim çatışmazlığı probleminin aradan qaldırılması işini qaydaya salmaq üçün EK(b)P MK-nın nəzdində fəaliyyət göstərən “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin, Ermənistan Xalq Maarif Komissarlığı fəaliyyət göstərən “Azlıqda qalan millətlər” bürosunun müdiri Mehdi Kazımovun, “Zəngi” qəzetinin redaktoru Mustafa Hüseynovun və başqa qeyrətli azərbaycanlı ziyalıların erməni şovinist dairələri qarşısında təkidli tələbi, siyasi və milli iradəsi sayəsində 15 oktyabr 1924-cü ildə İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Məktəbi yaradıldı. Bu məktəb Cənubi Qafqazda universitet səviyyəsində bir təhsil ocağı idi. Azərbaycanın bir çox görkəmli ziyalıları -Cəlil Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Sabit Rəhman, Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Mehdi Hüseyn, Səməd Vurğun, Əbdülhəsən, Mikayıl Rəfili, Vəli Xuluflu, Üzeyir Hacıbəyov, Nigar Rəfibəyli, Mirvari Dilbazi, Süleyman Rüstəm və başqaları bu təhsil ocağının qonağı olmuşdular.
İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Məktəbinin nəinki Cənubi Qafqazda, keçmiş ittifaq miqyasında yüksək nüfuza malik olmasında, müxtəlif vaxtlarda bu təhsil ocağının direktorları olmuş Mehdi Kazımovun, Bəhlul Yusifovun, Mustafa Mustafayevin, Xəlil Səfərovun, Həbib Məmmədzadənin, Əsgər Cəfərovun və fədakar müəllim kollektivinin misilsiz xidmətləri olmuşdur. Akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professorlar Nəriman Əliyev, Əli Fərəcov, Nəzər Paşayev, Fərhad Fərhadov, Cəfər Cəfərov, Yusif Yusifov və başqa görkəmli elm, ədəbiyyat, mədəniyyət, ictimai-siyasi xadimləri bu təhsil ocağının məzunları olmuşdur.
1948-53-cü illərdə Ermənistanda yaşayan azərbaycanlı əhalinin öz tarixi torpaqlarından deportasiyası zamanı təhsil tariximizin ən şanlı səhifələrini təşkil edən, böyük, şərəfli yol keçmiş bu təhsil ocağı da 1949-cu ilin noyabr ayında müəllim və tələbə kollektivi ilə birlikdə Azərbaycanın Xanlar rayonuna köçürülmüş və 1971-ci ilə qədər orada fəaliyyət göstərmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB