Erzaqlarda qiymət artımının səbəbləri nədir? İQTİSADÇI ŞƏRH ETDİ

"Çörəyin və un məhsullarının bahalaşması gözlənilən idi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, burada ən narahatedici məqamlardan biri bahalaşma prosesinin bununla yekunlaşmayacağının proqnozlaşdırılmasıdır: "Dünyada kəskin inflyasiya meyilləri mövcuddur. Bu inflyasiya meyilləri bir necə istiqamətdə baş verməkdədir. Bir tərəfdən dünya üzrə artan pul kütləsi, ehtiyat valyutaların dəyərdən düşməsi, digər tərəfdən istehsal və logistika, nəqliyyat zəncirlərinin sınması, aparıcı xammal və resurs ixracatçıların həyata keçirdiyi proteksionist tədbirlər, ixracata məhdudiyyətlərin tətbiqi, sanksiyalar siyasəti bütün bu amillər qiymət artımını labüd edir. Bu, qlobal bir proses kimi dəyərləndirilməlidir. Lakin eyni zamanda, ölkədə iqtisadi bloka aid ciddi suallar yaranıb. İqtisadi bloka ilk növbədə, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri aid edilməlidir".

İqtisadçı-ekspert həmçinin onu da bildirdi ki, biz uzun illər ərzində idxalın əvəzedilməsi ilə bağlı çağırışları eşidirik: "Bununla bağlı hansısa tədbirlərin görülməsi barədə məlumatlar səsləndirilir. Amma bu gün hələ də buğda və digər strateji, kritik dərəcədə vacib olan məhsullar üzrə idxaldan asılıyıq. Buğda minumum səviyyədə bazara çıxarılır. Azərbaycandan idxaldan asılılığın buğda və taxıl seqmentin bu dərəcədə yüksək olması sahələr arasında kəskin qeyri-tarazlığın olmasını göstərir. Suvarma sistemində uzun onilliklər ərzində yaranmış ciddi problemləri düşünüb müvafiq qərarlar verməliyik və kənd təsərrüfatı sektorunun peşəkarca idarə edilməsinə ehtihac var. Kənd təsərrüfatında peşəkar idarəçilik sistemi olmalıdır. Düşünürəm ki, bu məsələ həllini təcili tapmalıdır. Yəni effektiv idarəetmə siyasəti bütünlövlüklə sistemli şəkildə aparılmalıdır. Burada Nazirlər Kabinetinin əlaqələndirici rolunun yüksəldilməsinə də ehtiyac var. Bu gün kənd təsərrüfatının inkişafından danışarkən onu qeyd etməliyik ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin də bir-biri ilə rabitəsi olması vacibdir. Əks-halda, uzun illər ərzində iqtisadi problem yaşana bilər. Hadisələrin gedişatı onu deməyə əsas verir ki, əsas ixracatçılar ixracla bağlı məhdudiyyətləri daha da çox sərtləşdirəcək. İdxaldan asılılıq yüksək dərəcədə olması ilə biz problemlərin həllində çətinlik çəkəcəyik".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə