Kredit borclarının ödənilməsinin dayandırılması mümkündür ÖZƏL - AÇIQLAMA

"Kreditlərin ödənilməsi müddətlərinin uzadılması ilə bağlı, ən azından insanların işə çıxmadığı dövrdə kreditlərin ödənilməsinin dayandırılması və işə çıxdıqdan sonra kreditlərin ödənilməsinin bərpa olunması mümkündür". Bu sözləri SİA-ya açıqlamasında, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadi məsələlər üzrə ekspert Azər Mehtiyev ölkədəki xüsusi rejimlə əlaqədar əhalinin kredit borclarının ödənilməsi prosesinin aparılması məsələsini şərh edərkən deyib.

O bildirib ki, ölkədə karantin rejimi elan olunmasına baxmayaraq insanlar bu məsələyə ciddi yanaşmırlar, lakin bunun arxasında da müəyyən həqiqətlər var:

"Təəssüflər olsun ki, insanlar karantin məsələsinə o qədər də ciddi yanaşmırlar. Bu məsələyə qarşı böyük etinadsızlıq var. Təbii ki, bunun arxasında müəyyən həqiqətlər də yatır. İnsanlar evdən çıxmayaraq bir növ gündəlik qazanclarından da məhrum olurlar. Bu faktın müəyyən qədər qarşısını almaq lazımdır. Hökumət tərəfindən bütün dünyada atılan addımlara müvafiq olaraq Azərbaycanda da vətəndaşlara hər adama müəyyən bir məbləğə qədər maddi yardımın göstərilməsi mexanizmi tətbiq olunur. Həm işləyənlər, həm də işləməyənlər üçün bu çox önəmlidir. Karantin dövrü ərzində hər kəsə müəyyən məbləğin ayırılması və bunun hesabına da insanların iqtisadi böhranla üzləşməsinin qarşısının alınması gözlənilir.

İkinci vacib məsələ isə insanların müxtəlif növ kredit borcları, bura həm banklara olan kreditlər, həm də müxtəlif kommersiya qurumlarına olan kredit borcları aiddir. Bununla bağlı hökumət çox ciddi şəkildə təkliflər hazırlamalıdır. Kreditlərin ödənməsinin müddətlərinin uzadılması ilə bağlı, ən azından insanların işə çıxmadığı dövrdə kreditlərin ödənilməsinin dayandırılması və işə çıxdıqdan sonra kreditlərin ödənilməsinin bərpa olunması mümkündür. Təbii ki, bu müvafiq şirkətlər və banklar üçün müəyyən problemlər yarada bilər, lakin bu problemlərin aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan 1 milyard manat vəsait hesabına bu qurumlara müəyyən güzəştlərin edilməsi həyata keçirilə bilər".

Kredit məsələləri ilə yanaşı vergilərin hesablanması və ödənilməsi məsələlərinə də toxunan iqtisadçı bildirib ki, bu durumda şirkətlərin gəlirləri olmadığından bilavasitə vergilərin hesablanması prosesi də baş tutmur:

"Karantin dövrü ərzində gəlirlərindən məhrum olan insanların vəsait vergiləri və digər vergilərin azaldılması istiqamətində müəyyən işlər görülə bilər. Vergi qanunvericiliyinə uyğun olaraq həmin vergilərin ödənilməsi və vergi hesabatlarının təqdim edilməsi müddətlərinin uzadılması, vergi dərəcələrinin ən azı bu fəaliyyət dövründə azaldılması və s. kimi addımlar atıla bilər. Çünki, gəlirin olmadığı yerdə vergilərin hesablanması prosesi də baş tutmur".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə