Azərbaycan istehlakçı hüquqları üzrə Mentorluq Proqramına qoşulub

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramına qoşulub. SİA quruma istinadən xəbər verir ki, proqramın məqsədi təşkilatın üzvləri və tərəfdaşları arasında təcrübə mübadiləsini təmin etmək və qurumlararası ünsiyyəti asanlaşdırmaqdırmaqdır.

Mentorluq Proqramı çərçivəsində Dövlət Agentliyi və Türkiyənin Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsi nümayəndələrinin iştirakı ilə “İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində daxil olan şikayətlər” mövzusunda onlayn formatda ilk seminar təşkil edilib. Seminarda hər iki qurumun istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud təcrübəsinə və fəaliyyətinə dair təqdimatlar nümayiş etdirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, istehlakçıların hüquqlarının müdafiəsi üzrə tənzimləyici orqanlar arasında əməkdaşlığın gücləndirilməsi istehlakçıların hüquqlarının daha effektiv şəkildə qorunmasına, bu sahədə ən yaxşı təcrübələrin paylaşılmasına şərait yaradacaq.

Mentorluq Proqramı çərçivəsində daha üç vebinar və iki işgüzar səfər nəzərdə tutulub. İşgüzar səfərlər istehlakçıların hüquqlarının müdafiəsi üzrə tənzimləyici orqanlar arasında əməkdaşlıq, müvafiq sahədə dövlət-özəl tərəfdaşlığı, istehlak bazarının araşdırılması metodları, reklam fəaliyyətinə nəzarət vasitələri kimi mövzuları əhatə edəcək.

Azərbaycan 2006-cı ildən ICPEN-in üzvdür və təşkilatda Dövlət Agentliyi vasitəsilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə