Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 19-31 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. SİA xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Gücləndirilmiş iş rejimi ərzində paytaxtdan bölgələrə və əks istiqamətə 7386 reys həyata keçirilib, 130 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 300-dən çox reys həyata keçirilib.
Biletlər avtovağzalın kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.
Qeyd edək ki, 19-20 mart tarixlərində sərnişinlərin 48%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 25-30% təşkil edib. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə