Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli fevralın 28-nə 1,086 milyard avro təşkil edib. SİA xəbər verir ki, bu kredit resursları hesabına 33 layihə maliyyələşdirilib.
Ay ərzində portfelin həcmi 0,37 % (4 milyon avro) artıb. Müqayisə üçün, 31 yanvar 2025-ci il tarixinə o, 1,082 milyard avro dəyərində qiymətləndirilib və 34 layihəni əhatə edib.
EBRD-nin məlumatına görə, cari portfelin əsas hissəsi - 92 % (994 milyon avro) dayanıqlı infrastrukturun inkişafına yönəlib. Digər 5 % (52 milyon avro) korporativ sektorun, 3 % (40 milyon avro) isə maliyyə institutlarının payına düşür.
Ümumilikdə EBRD 196 layihənin həyata keçirilməsi üçün Azərbaycana 4,064 milyard avrodan çox sərmayə qoyub.
Bankın ölkədəki əməliyyat aktivləri 28 fevral 2025-ci il tarixinə 757 milyon avro təşkil edib. Bu, bu il yanvarın 31-nə olan göstərici ilə müqayisədə 0,8 % (6 milyon avro) çoxdur.
Ötən il EBRD Azərbaycanda səkkiz layihənin maliyyələşdirilməsinə ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb ki, bu da əvvəlki illə müqayisədə 27,56 % (və ya 43 milyon avro) artım deməkdir. Müqayisə üçün qeyd edək ki, bank 2023-cü ildə iki layihəni maliyyələşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə