Bu gün Hafiz Şirazinin anım günüdür

Bu gün Şərq poeziyasının görkəmli nümayəndəsi, dünya şöhrətli filosof-şair Hafiz Şirazinin anım günüdür. Hər il oktyabrın 12-də dahi şairin anım günü ilə əlaqədar İranda poeziya axşamları və müxtəlif tədbirlər təşkil olunur. SİA xəbər verir ki, İran Prezidenti anım günü ilə əlaqədar təbrik mesajında şairin yaradıcılığını yüksək qiymətləndirib, onun humanizm ideyalarının İran xalqı üçün dəyərli olduğunu qeyd edib.

Şəmsəddin Məhəmməd Hafiz Şirazi 1325-ci ildə İranın Şiraz şəhərində anadan olub. Uşaq vaxtı atasını itirən Hafiz gənc yaşlarından müxtəlif ağır işlərdə işləmək məcburiyyətində qalsa da, əldə etdiyi kitabları, xüsusilə də Quranı oxumaqdan heç vaxt əl çəkməyib. Bir müddət sonra Hafiz Şirazi məclislərdə Quran oxumaqla pul qazanmağa başlayıb. O, mədrəsəni (orta məktəbi) bitirdikdən sonra Sultan Əbu İshaq tərəfindən saraya dəvət alır.

Ömər Xəyyam, Nizami Gəncəvi kimi filosof-şairlərin əsərləri ilə yaxından tanış olan Hafiz Şirazi onlardan ilham alaraq həyat, sevgi, məhəbbət, insanlıq haqqında çoxlu qəzəllər yazıb. Sarayda hamı onun qəzəllərini əzbər bilirdi. Həyatın mənasını dərk etməyə çalışan Hafiz öz qəzəlləri ilə insanları rəhmli olmağa, hər zaman hamıya yaxşılıq etməyə çağırırdı. Şair iddia edirdi ki, bu dünya qəm kədərlə doludur. Ona görə də insan həyatı xoşbəxt etmək üçün daim yaxşılıq etməlidir.

Dini xurafata, müharibə və münaqişələrə nifrət bəsləyən Hafiz öz qəzəllərində dostluğu, məhəbbəti tərənnüm edirdi.

Könlüm gedir əlimdən, rəhm eylə, sən ey Xudaya,

Ey dad məxfi sirrim oldu cahana ifşa.

Cəhd eylə doğru yol get, məxluqə yaxşılıq et,

Viranədir bu aləm əfsanədir bu dünya.

Hafiz öz qəzəllərində bildirirdi ki, xoşbəxtlik insanın öz əlindədir. İnsan həyatda hansı yolu seçərsə, mənzil başına da o yolla gedib çatacaq.

Ömrü boyu Şiraz şəhərində yaşayan Hafiz Şirazi çox gec ailə həyatı qurub. Onun iki oğlu olub, biri haqqında çox az məlumat var. Digər oğlu isə atasının ölümündən sonra Hindistana köçüb və orada yaşayıb.

Hafiz Şirazi 1390-cı ildə vəfat edib və Şiraz şəhərinin “Müsəllah” bağında dəfn edilib. Onun məzarı İrana gələn turistlərin ən sevimli ziyarətgah yerlərindən biridir.

Hafizin qəzəl və şeirləri Azərbaycan dili ilə yanaşı, bir çox dillərə tərcümə edilib və bu gün də sevilərək oxunur.

Bütün xəbərlər Facebook səhifəmizdə