“Gün doğarkən” adlı şeirlər kitabının təqdimatı olub - FOTO

Bakıda görkəmli Vyetnam şairi, yazıçı və tərcüməçi May Van Fanın “Gün doğarkən” adlı şeirlər kitabının onlayn təqdimatı keçirilib. SİA xəbər verir ki, onlayn təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı əsərləri bir çox dillərə tərcümə olunmuş görkəmli Vyetnam şairi May Van Fanın bu günlərdə Azərbaycanda nəşr olunmuş “Gün doğarkən” adlı şeirlər kitabının məzmunundan söz açıb. O, vyetnamlı şairin Azərbaycanda ilk kitabı olan “Gün doğarkən”in ilk təqdimatının Milli Məclisinin Mədəniyyət Komitəsinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə baş tutduğunu bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin qurulmasında və inkişafında vaxtilə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana (1959-cı il) və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vyetnama (1983-cü il) səfərinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Həmin səfərlərin iki xalq arasında tarixi və mədəni əlaqələrin önəmli səhifəsini yaratdığını qeyd edən Q.Paşayeva Sovet dönəmində yüzlərlə vyetnamlı tələbənin Azərbaycanın ali təhsil ocaqlarında oxuduğunu, onların çoxunun hazırda Vyetnamın dövlət və hökumət strukturlarında müxtəlif vəzifələrində çalışdığını da bu dostluğun bəhrəsi kimi dəyərləndirib.

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin 1992-ci il sentyabrın 23-də qurulduğunu, 2013-cü ildən Azərbaycanın Vyetnamda səfirliyinin fəaliyyət göstərdiyini xatırladan Q.Paşayeva bunun iki ölkə arasındakı diplomatik münasibətlərin irəliləyişinə səbəb olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin, bu ölkənin o dövrdəki Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfərinin iki ölkənin əlaqələrinin tarixində yeni səhifələr açdığını, eləcə də mədəniyyət sahəsində əməkdaşlığa ciddi töhfələr verdiyini vurğulayıb.

Hər iki ölkənin müvafiq nazirlikləri və digər qurumları arasında birbaşa əlaqələrin qurulmasını qeyd edən deputat, Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, habelə Azərbaycan Elmi, Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib.

Q.Paşayeva görkəmli Vyetnam şairi May Van Fanın ölkəmizə münasibətində əsil ziyalı kimi dürüst mövqe tutduğunu bildirib: “May Van Fan məhz o vicdanlı şairlərdəndir ki, 44 günlük müharibə vaxtı Azərbaycanın haqlı davasına mənəvi dəstək nümayiş etdirdi. Özbəkistanın nüfuzlu “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin təşəbbüsü ilə müharibə dövründə hazırlanmış müvafiq Bəyanata imza atan tanınmış şairlərdən biri də May Van Fan idi”.

May Van Fanın “Gün doğarkən” kitabındakı şeirlərinin tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının üzvü, şair-tərcüməçi Afaq Şıxlı da Vyetnam şairi May Vay Fanın yaradıcılığını yüksək qiymətləndirib, onun ictimai xadim kimi daim obyektiv mövqeyi ilə fərqləndiyini vurğulayıb, şairin Vətən müharibəsində imzaladığı Bəyanatdan sitat gətirib: “Biz – şairlər və yazıçılar müharibələrə qarşı olsaq da, sizin fərqli durumunuz hər birimizi düşünməyə vadar edir. Siz kiminsə torpaqlarını zəbt etmirsiniz. Siz öz ölkənizdə, öz torpaqlarınızı azad etmək üçün döyüşürsünüz. Həqiqətsevər siyasətçilərin də dediyi kimi, Sizin başqa çıxış yolunuz yoxdur. Bilirik ki, Azərbaycanın və Azərbaycan xalqının gələcəyi naminə bu addımı atmalı idiniz. Biz Sizi və Sizin xeyirxah xalqınızı ürəkdən dəstəkləyirik!”.

Şairin əsərlərinin dünyada 40-a yaxın dilə tərcümə edildiyini qeyd edən Afaq Şıxlı May Van Fanın şeirlərində Vyetnam xalqı ilə yanaşı, bütün insanlığa ünvanlanmış ismarıclar olduğunu bildirib.

Deputatlar -Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli, həmin işçi qrupunun üzvü İltizam Yusifov iki ölkə arasında münasibətlərin yeni istiqamətdə inkişafında parlamentlərarası, habelə mədəni əlaqələrin özünəməxsus yeri, rolu haqqında danışıblar. Deputatlar May Van Fanın “Gün doğarkən” kitabının nəşrini qarşılıqlı mədəni, ədəbi əlaqələrdə önəmli hadisə kimi dəyərləndiriblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Avrasiya Mətbuat Fondunda təcrübə keçən vyetnamlı gənc bir qızın köçkünlərlə görüşdən təsirləndiyini, yolboyu kədərli düşüncələrə qərq olaraq onların taleyini düşündüyünü bildirib. U.Rəhimoğlu bu hadisənin Vyetnam xalqı ilə Azərbaycan xalqı arasındakı xoş ünsiyyətin bir örnəyi olduğunu vurğulayıb.

Şair May Van Fan çıxışında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya təşəkkür edib, kitabının nəşrində və təqdimatında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən vyetnamlı ziyalılar – Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri, Elm və Texnologiya nazirinin keçmiş müavini, Vyetnam Milli Assambleyasının keçmiş üzvü Nghiem Vu Khai, şair-tərcüməçi, Rusiya Federasiyası Elmlər Akademiyasının əməkdaşı Dr. Nguyen Quoc Hunq görkəmli şair May Van Fanın “Gün doğarkən” kitabının nəşrini Azərbaycan-Vyetnam əlaqələrinə dəyərli töhfə kimi dəyərləndirib, bu ədəbi əlaqələrin gələcəkdə daha da genişlənməsi haqqında arzularını dilə gətiriblər. Öz ölkəsində çox sevilən şair May Van Fanın Azərbaycanda da tanınmasından və oxunmasından fərəh duyduqlarını vurğulayıblar. Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nghiem Vu Khai Sovet dövründə Azərbaycanda ali təhsil aldığını, o vaxtdan Azərbaycan xalqına böyük sevgilərlə bağlandığını söyləyib.

Vaxtı ilə şairin 10 şeirini Azərbaycan dilinə çevirən DGTYB Məsləhət Şurasının üzvü, ədəbiyyatşünas, şair-tərcüməçi Dos.Dr. Təranə Turan Rəhimli bu şeirlərin Azərbaycan, Vyetnam və Belçika mətbuatında nəşr edildiyini bildirib. May Van Fan poeziyasında Vyetnam təbiətinin və əməksevər insanının dolğun panoramını görən Təranə Turan bu gözəl şeirləri Azərbaycan oxucularının maraqla oxuyacağına və Vyetnamla ədəbi əlaqələrimizin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, ADPU Quba filialının əməkdaşı Səmayə xanım Hacıyeva çıxış edərək May Van Fanı “Gün doğarkən” kitabının nəşri münasibətilə təbrik edib, şairə yeni yaradıcılıq uğurları arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə