"Şuşa ili" çərçivəsində beynəlxalq elmi-praktik konfrans keçirilib - TƏDBİR-YENİLƏNİB

Bu gün “Şuşa İli” çərçivəsində “think4culture” çağırışı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra qarşımızda duran əsas məqsədlərdən biri də yaradıcılıq ənənələrinin inkişaf etdirilməsidir: “Ənənələrimizin dirçəldilmə prosesi çoxşaxəli prosesdir. Ən önəmli prosesdən biri də mədəniyyətimizin dirçəldilməsidir. Təbii ki, burada ilk növbədə yaradıcılıq ənənələrinin aşılanmasıdır. Ənənələrimizin bərpasında daha çox yaradıcılığın və mədəni dirçəlmənin iqtisadi tərəflərini də düşünməliyik. Bugünkü tədbir də məhz buna həsr olunub. Çox şadıq ki, prosesi bu tədbirlərlə başladırıq. Tədbirdə bir çox dövlər qurumlarımız iştirak edir. Mədəniyyət Nazirliyi olaraq yaradıcı sənayelərin inkişaf etdirilməsinə xüsusi önəm veririk. Mədəniyyət Nazirliyinin dəstəyilə yaradıcı sənayelər federasiyası yaradılıb. Bu federasiya özəl sektorla dövlət sektoru arasında körpü rolu oynayır”.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki, iqtisadiyyat elmi ayrı-ayrı ölkələrin sərvətində olan fərqlər üzrə araşdırma aparır: "Bu proses orta əsrlərdən başlayıb. Qloballaşma dövründə pandemiya ilə üzləşən dünya bu məsələlərə daha çox diqqət yetirir. Bu konfrans Şuşada başlayıb. Ölkəmiz 30 ilə yaxın işğal altında olub, mədəni ocaqlarımız dağıdılıb. Muzeylər, musiqi məkətblərimiz dağıdılıb. Qarabağda 993 təhsil ocağı məhv edilib. Bizim torpaqlarımızın işğaldan sonra bərpa olunmasında mədəni abidələrimizə sərvətlərimizə diqqət yetirilir. Bu gün mədəni abidələrimiz bərpa olunur. Biz xoşbəxt xalqıq ki, irsimiz qorunub, saxlanılır. Sərvətlərimizi gələcək nəsillərə ötürməliyik”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi əslində mədəniyyətimizin qələbəsi idi: "Azərbaycan dövləti qısa müddətdə böyük quruculuq işlərini həyata keçirir. Bu gün dünyada özünü mədəni ölkə adlandıran bəzi ölkələr qurucu mədəniyyətin yox barbarlığın yanındadır. Mədəniyyət böyük məfhumdur. Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin bir parçasıdır. Azərbaycan Şərqlə Qərbin qovuşduğu bir nöqtədə yerləşir. Bu gün birinci vitse-prezident Mehriban xanım Əliyeva çox önəmli işlərə imza atır. Mədəniyyət və iqtisadiyyat bir çox icra qurumlarının qanunvericilik orqanları tərəfindən birləşdirilməlidir. Azərbaycan xalçaçılıqla tanınır. Mədəniyyət millətlər, xalqlar arasında bir-birini tanımaq üçün əsas amildir. Buna gəlir kimi baxmamalıyıq. Çünki bunun xalq və ölkə üçün önəmli nəticələri var”.

Tədbir panel müzakirələrlə davam edib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə